Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib

10-03-2021 198 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Amerika Birləşmiş Ştatlarının (ABŞ-ın) ölkəmizdəki fövqəladə və səlahiyyətli  səfiri Örl D. Litzenbergeri qəbul edib.

Görüş zamanı insan hüquqlarının müdafiəsi sahəsində birgə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Görüş zamanı Ombudsman 2020-ci il 27 sentyabrda başlanmış və 10 noyabr tarixində Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanması ilə başa çatmış müharibə zamanı Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmış yaşayış məntəqələrində həyata keçirdiyi faktaraşdırıcı missiyalar barədə danışıb. Ombudsman qeyd edib ki, həmin dövr ərzində faktaraşdırıcı missiyalar zamanı əldə olunmuş faktlar və sübutlar əsasında 7 hesabat, habelə Ermənistan tərəfindən Azərbaycanın əsir və girovlarına qarşı işgəncə və pis rəftarla bağlı hesabat hazırlanaraq müvafiq beynəlxalq təşkilatlara, səfirliklərə, o cümlədən ABŞ səfirliyinə göndərilib. 

S.Əliyeva Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlı hərbçi və mülki şəxslərlə təkbətək görüşdüyünü, onların problemləri ilə maraqlandığını bildirib. Eyni zamanda, S. Əliyeva əsir düşmüş erməni hərbi qulluqçularına baş çəkdiyini, onların hüquqlarının təminini diqqətdə saxladığını, onlara erməni dilində çap edilmiş Avropa İnsan Hüquqları Konvensiyasını təqdim etdiyini nəzərə çatdırıb. 

Ombudsman Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə məcburi köçkünlərin pozulmuş hüquqlarının nəhayət bərpa edildiyini qeyd edib. Bununla yanaşı, Ombudsman Ermənistanın işğal müddətində Azərbaycan ərazilərində kütləvi şəkildə minalar yerləşdirməsi faktına diqqəti yönəldib. O, Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. 

Görüş zamanı hüquqi maarifləndirmə sahəsində birgə əməkdaşlıq perspektivləri müzakirə olunub. 

Səfir Ombudsmana səmimi qəbula görə təşəkkürünü bildirib.