Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı tədbirlər keçirib

20-01-2021 207 dəfə oxunub
Ombudsman Aparatı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı tədbirlər keçirib

 

Bu gün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş 20 Yanvar faciəsindən 31 il keçir. 20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsi olaraq xatırlansa da, eyni zamanda azadlıq uğrunda birləşmiş xalqımızın müstəqilliyə gedən yolunda şərəfli bir gün kimi qəbul edilir.

Faciənin 31-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları önünə güllər düzüb. Ombudsman, həmçinin ötən gün 20 Yanvar abidə-kompleksini ziyarət edib, abidə önünə əklil qoyaraq şəhidlərin əziz xatirəsinə ehtiramını bildirib.

Bununla yanaşı, Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşlarının iştirakı ilə 20 Yanvar hadisələrinə həsr olunmuş videokonfrans təşkil olunub. Videokonfrans zamanı 20 Yanvar faciəsinin tarixi, hadisələrə hüquqi qiymət verilməsinin vacibliyi, beynəlxalq ictimaiyyətin məlumatlandırılması barədə müzakirə aparılıb.

Ombudsman Səbinə Əliyeva 20 Yanvar hadisələrini təşkil edənlər və törədənlərin bu günə qədər cinayət məsuliyyətinə cəlb edilmədiyini bildirib. Səbinə Əliyeva həmin dövrdə hadisələrin məqsədyönlü şəkildə əhalidən gizlədildiyini, dəlillərin toplanması ilə bağlı maneələr yaradıldığını, lakin bütün bunların Azərbaycan xalqının əzmini qıra bilmədiyini vurğulayıb.

Onlayn tədbirdə Ombudsman Səbinə Əliyevanın 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar beynəlxalq ictimaiyyətə bəyanat və videomüraciət ünvanladığı qeyd olunub, bəyanatda qeyd olunan əsas məqamlar iştirakçıların diqqətinə çatdırılıb. 

Ombudsman Aparatının bir sıra əməkdaşı, həmçinin regional mərkəzlərin rəhbərləri mövzu ətrafında çıxışlar edərək həmin hadisələrlə bağlı fikir və xatirələrini bölüşüblər. Anım tədbirlərini uzun illər sonra ilk dəfədir ki, tarixi ədaləti bərpa edərək öz əzəli torpaqlarını azad etmiş dövlət olaraq qeyd etməyimiz xüsusilə vurğulanıb.

Videokonfransın sonunda Ombudsman Səbinə Əliyeva 20 Yanvar faciəsi haqqında həqiqətlərin müvafiq beynəlxalq təşkilatlara, ümumilikdə dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyini bir daha diqqətə çatdırıb.