Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva Vətən müharibəsi qazisinin ailəsi ilə görüşüb

14-01-2021 251 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva Vətən müharibəsi qazisinin ailəsi ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın bir qrup əməkdaşı Vətən müharibəsi qazisi, bu yaxınlarda ailə həyatı qurmuş Abbas Yusifovla görüş keçiriblər.

Görüş zamanı Ombudsman Səbinə Əliyeva yenicə ailə quran cütlüyü təbrik edib, bu ailənin Azərbaycan gəncliyi üçün nümunə olduğunu qeyd edib. Ombudsman şəhidlərin qanı, qəhrəmanların şücaəti hesabına qazanılmış zəfər haqqında danışıb, Azərbaycan xalqının müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən əsgər və zabitlərimizə dərin rəğbət hissi duyduğunu vurğulayıb.

Ombudsman qazi ailəsinin qayğıları ilə maraqlanıb, qaldırılan məsələləri nəzarətdə saxlayacağını bildirib. Səbinə Əliyeva gənc ailəyə səadət arzulayıb və Ombudsman Aparatı adından onlara ailə qurmaqları münasibəti ilə hədiyyələr təqdim edilib.

Qazi Abbas Yusifov dövlət tərəfindən göstərilən dəstək barədə məlumat verib, diqqətə görə Ombudsmana təşəkkürünü bildirib.

Görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və əməkdaş Araz Fərhadov da iştirak ediblər.

Qeyd edək ki,    leytenant Abbas Yusifov Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə iştirak edib, sentyabrın 30-da minaya düşməsi nəticəsində sol ayağı amputasiya olunub. Azərbaycan Respublikası Prezidenti tərəfindən 3cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.