Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi “Məişət zorakılığı ilə mübarizə” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirib

13-01-2021 326 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi “Məişət zorakılığı ilə mübarizə” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirib

Ombudsmanın Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə “Məişət zorakılığı ilə mübarizə” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin, Gənclər və idman idarəsinin, Heydər Əliyev Mərkəzinin əməkdaşları, həmçinin QHT nümayəndələri və gənclər aktiv iştirak ediblər.  

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək iştirakçıları Ombudsman Səbinə Əliyevanın adından salamlayıb və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində əldə etdiyi parlaq qələbə münasibətilə təbrik edib. 

S.Abbasov bütün dünyada bir sıra sahələrdə əsaslı çətinliklər yaradan koronavirus pandemiyasının ailədaxili münaqişələrin, məişət zorakılığı hallarının da artmasına səbəb olduğunu bildirib. Son illərdə Azərbaycan Respublikasında həyata keçirilən təsirli tədbirlərə baxmayaraq, məişət zorakılığı dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizdə də problem olaraq qalmaqdadır. Qeyd edilib ki, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması, məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının potensialının artırılması, QHT-lərin dəstəklənməsi istiqamətində uzunmüddətli və kompleks yanaşma tələb olunur. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın qeyd olunan məqsədlərə nail olmaq üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tədbirdə Ombudsman təsisatının məişət zorakılığına qarşı mübarizə sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyət, 916 Çağrı Mərkəzi haqqında məlumat verilib. Vurğulanıb ki, Ombudsman təsisatı tərəfindən məişət zorakılığının qarşısının alınması və bu barədə məlumatlılığın artırılması məqsədilə müntəzəm olaraq hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, dövlət qurumların işinin səmərəliliyinin artırılmasına müsbət töhfə verir. 

S.Abbasov “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları barədə iştirakçılara ətraflı məlumat verib. Habelə məişət zorakılığına qarşı mübarizə və gender bərabərliyinin müxtəlif aspektləri ilə bağlı dair bir sıra digər sənədlərdə, o cümlədən “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nda və “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda da mühüm vəzifələrin təsbit edildiyi nəzərə çatdırılıb.

Tədbirdə çıxış edən Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşı Qədir Bağırov məişət zorakılığı ilə mübarizə istiqamətində maarifləndirmə işinin əhəmiyyətini qeyd edərək, Gədəbəy rayonunda məişət zorakılığı ilə mübarizə istiqamətində fəaliyyət barədə ətraflı məlumat verib.

Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Pərviz Bayramov, Gədəbəy rayon Gənclər və idman idarəsinin əməkdaşı Aliq Bağırov və Dünya Gənc Türk Yazarlar Birliyinin idarə heyətinin sədri, Prezident mükafatçısı İntiqam Yaşar çıxış edərək, məişət zorakılığına qarşı mübarizə istiqamətində bir sıra praktiki təkliflər (regionlarda maarifləndirici görüşlərin genişlənməsi, orta məktəblərdə təbliğat, yazı-inşa müsabiqələrinin və sərgilərin təşkili və.s) irəli sürüblər.

Aktiv müzakirələrlə davam edən tədbirdə gənclər tərəfindən verilmiş suallar ətraflı 

cavablandırılıb.