Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman ÜST-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancını qəbul edib

24-02-2021 213 dəfə oxunub
Ombudsman ÜST-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancını qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancını qəbul edib. 

Görüş zamanı Ombudsman qonağa təsisatın əhalinin sağlamlıq hüququnun təmini sahəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verib. Qeyd olunub ki, yeni növ COVID-19 virusu səbəbilə ölkəmizdə elan olunan xüsusi karantin rejimi dövründə Ombudsmana ünvanlanan müraciətlər onlayn formada qəbul edilib. Müraciətlərin effektiv araşdırılmasının təmin edilməsi məqsədilə Ombudsmanın qaynar xətləri bir mərkəzdə birləşdirilməklə yaradılmış 916 vahid Çağrı Mərkəzinin yeni növ koronavirus pandemiyası dövründə xüsusi əhəmiyyət kəsb etdiyi qonağın diqqətinə çatdırılıb.

Pandemiya dövründə əlilliyi olan şəxslərin hüquqlarının səmərəli təmini məqsədilə Ombudsman tərəfindən aidiyyəti dövlət qurumlarına müraciət ünvanlandığı, əhalinin həssas qruplarına aid insanların hüquqlarının müdafiəsinin Ombudsmanın diqqət mərkəzində olduğu bildirilib. 

Səbinə Əliyeva əlilliyi olan şəxslərin hüquqlarının daha effektiv təmini məqsədilə təsisatda “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi” sektorunun yaradıldığını qonağın diqqətinə çatdırıb. 

Vətən müharibəsi dövründə Ermənistanın hərbi hücumlarına məruz qalmış ərazilərimizdə yerində araşdırmalar həyata keçirdiyini bildirən Ombudsman insan hüquqlarının və humanitar hüququn normalarının pozulması ilə bağlı xüsusi hesabatların hazırlanaraq aidiyyəti beynəlxalq qurumlara göndərildiyini qeyd edib. 

Müharibədən zərər çəkmiş şəxslərlə görüşlərin keçirildiyi və Ombudsmanın təşəbbüsü ilə peşəkar psixoloq və psixiatrlar tərəfindən Vətən müharibəsi nəticəsində yaralanmış qazilərimizə və şəhid ailələrinə psixoloji yardımın göstərildiyi vurğulanıb. 

Hande Harmancı Ombudsman təsisatı ilə birgə əməkdaşlığın gücləndirilməsində və vətəndaş cəmiyyəti institutlarının da bu proseslərdə iştirakının təmin edilməsində maraqlı olduğunu bildirib. 

Görüş zamanı tərəflər əməkdaşlıq perspektivləri barəsində müzakirələr aparıblar.