Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva Vətən müharibəsində iştirak etmiş əməkdaşı ilə görüşüb

11-01-2021 10998 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva Vətən müharibəsində iştirak etmiş əməkdaşı ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Ombudsman Aparatının səfərbərlik üzrə hərbi xidmətdən tərxis olunmuş əməkdaşı Samir Quliyevlə görüşüb.Ombudsman Vətən müharibəsində zabit kimi iştirak edərək uğurlu döyüş yolu keçən, torpaqlarımızın işğaldan azad olunmasında bilavasitə iştirak edən və bu günlərdə ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılan baş leytenant Samir Quliyevi şəhidlərimizin qanı bahasına əldə olunmuş möhtəşəm Zəfər münasibətilə təbrik edib.

Səbinə Əliyeva torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həyatlarını itirmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralıların tezliklə şəfa taparaq öz sağlamlıqlarına qovuşmalarını, hazırda hərbi xidmətlərini davam etdirən hərbçilərimizə isə möhkəm can sağlığı arzulayıb. 

Müvəkkil bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən cəmi 44 gün ərzində uzun illər Ermənistan tərəfindən işğal altında saxlanılmış ərazilərimiz, xüsusən Qarabağın incisi, mədəniyyət beşiyi, ölkəmizin qədim tarixə malik şəhərlərindən biri olan Şuşa işğaldan azad olunub və bununla da tarixi ədalət bərpa edilib.

Əldə olunan bu böyük Zəfər Ermənistanı Ağdam, Kəlbəcər və Laçın rayonlarını siyasi yolla qaytarmağa məcbur edib. Ombudsman bu qələbənin məcburi köçkün kimi ölkənin müxtəlif bölgələrində məskunlaşmış soydaşlarımızın öz tarixi ata-baba torpaqlarına qayıtması, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın müddətdə pozulan hüquq və azadlıqların bərpa edilməsi ilə nəticələndiyini bildirib. 

Ombudsman vurğulayıb ki, müstəqil dövlətimizin üçrəngli, ay-ulduzlu bayrağı respublikamızın bütün guşələrində olduğu kimi, Şuşada və işğaldan azad edilmiş digər torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır.

Bütün bunların hər bir azərbaycanlıya sevinc və sonsuz qürur hissi yaşadan möhtərəm Prezidentimizin daxili və xarici siyasəti, Müzəffər Ali Baş Komandan olaraq rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun əzmi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın daimi qayğısı nəticəsində mümkün olduğu qeyd edilib. 

 Görüşdə çıxış edən Ombudsman Aparatının əməkdaşı Samir Quliyev Vətən müharibəsi dövründə ordumuza göstərdiyi mənəvi dəstəyə, Azərbaycan həqiqətlərinin beynəlxalq təşkilatların diqqətinə çatdırılması sahəsindəki səmərəli fəaliyyətinə, habelə səmimi qarşılanmaya və xoş sözlərə görə Müvəkkil Səbinə Əliyevaya təşəkkürünü bildirib.