Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrup tərəfindən növbəti başçəkmə Penitensiar Xidmətin Həbsxanasına həyata keçirilib

01-02-2021 214 dəfə oxunub
Milli Preventiv Qrup tərəfindən növbəti başçəkmə Penitensiar Xidmətin Həbsxanasına həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Həbsxanasına əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirilib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən müəssisənin cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, mətbəxinə, görüş otaqlarına və digər obyektlərinə baxış keçirilib.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı məhkumların, o cümlədən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin saxlanma şəraiti, rəftar məsələləri, sağlamlıq, qidalanma, telefon danışığı, görüş və digər hüquqlarının təmin olunması vəziyyəti yerində araşdırılıb.

Fərdi və konfidensial qəbul zamanı məhkumlara hüquqları, Ombudsmanın səlahiyyətləri və müvafiq qanunvericiliyin tələbləri izah olunub. Eyni zamanda Müvəkkilə ünvanlanmış yazılı müraciətlər qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib.

Başçəkmə zamanı müəssisənin cərimə təcridxanasında əsaslı təmirə ehtiyac olduğu, tibb-sanitar hissəsində bəzi dərman vasitələrinin müddətinin bitdiyi və üzərində lazımi möhürün olmadığı, labarotoriya otağının və əməliyyat bölməsinin fəaliyyət göstərmədiyi, rentgen, USM aparatlarının və bir çox digər tibbi avadanlığın işlək vəziyyətdə olmadığı, həmçinin yanğınsöndürmə qaydalarına riayət edilmədiyi və yanğınsöndürmə vasitəsinin istifadə müddətinin keçdiyi, habelə sənədləşmədə nöqsanların olduğu müəyyən edilib.

Yekunda MPQ üzvləri tərəfindən müəssisənin rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, habelə nöqsanların aradan qaldırılması, saxlanma şəraitinin, rəftar məsələlərinin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.