Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva cari ildə keçirilmiş “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti zamanı könüllülük fəaliyyəti göstərmiş gənclər ilə görüşüb.
Tədbirdə çıxış edən Müvəkkil insan hüquqları sahəsində müasir çağırışların müzakirəsi baxımından mühüm beynəlxalq platforma olmuş Ombudsmanların Beynəlxalq Bakı Sammitinin təşkili və keçirilməsi prosesində könüllülərin fəal iştirak etdiklərini, məsuliyyətli və operativ fəaliyyətləri ilə tədbirin uğurla baş tutmasına öz töhfələrini verdiklərini qeyd edib.
Ombudsman könüllülük fəaliyyətinin gənclərin şəxsi və peşəkar inkişafı, ictimai fəallığının artırılması, yeni bilik və bacarıqlar əldə etməsi baxımından əhəmiyyətini vurğulayıb, insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində gənclərin iştirakının xüsusi önəm daşıdığını qeyd edib.
Sonda Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Sammiti zamanı həyata keçirdikləri könüllülük fəaliyyətinə görə iştirakçılara sertifikatlar təqdim edib. Ombudsman könüllülərə gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb, onları bundan sonra da ictimai faydalı təşəbbüslərdə fəal iştirak etməyə çağırıb.