Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Meksikanın Fövqəladə və Səlahiyyətli səfiri Rodriqo Labardini qəbul edib

15-12-2020 206 dəfə oxunub
Ombudsman Meksikanın Fövqəladə və Səlahiyyətli səfiri  Rodriqo Labardini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Rodriqo Labardinini qəbul edib. 

Tanışlıq məqsədi daşıyan görüş zamanı Ombudsman Səbinə Əliyeva Meksika və Azərbaycan arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu və bu əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, habelə Meksikanın İnsan hüquqları institutunun nümayəndəsinin Azərbaycan Ombudsman təsisatı tərəfindən keçirilən beynəlxalq konfranslarda iştirak etdiyini səfirin diqqətinə çatdırıb.  

Görüş zamanı Müvəkkil qonağa Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və hərbi təcavüzü nəticəsində kütləvi insan hüquqları pozuntuları barədə məlumat verib. O, Ermənistanın beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın torpaqlarını 30 ilə yaxın işğal altında saxladığını, müxtəlif vaxtlarda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini, habelə 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrini intensiv olaraq qadağan olunmuş silahlardan atəşə tutması nəticəsində aralarında uşaqların, qadınların və əlilliyi olan şəxslərin də olduğu çox sayda mülki şəxsin qətlə yetirildiyini və müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib. 

S. Əliyeva Ermənistanın beynəlxalq hüququn tələblərinə hörmətsizlik nümayiş etdirərək uzun illər işğal altında saxladığı Dağlıq Qarabağ və yeddi ətraf rayon da daxil olmaqla, meşələrin yandırılması və orada olan nadir ağacların kəsilərək talan edilməsi, ölkəmizin ərazisindən keçən çayların kimyəvi zavod tullantıları ilə çirkləndirilməsi, Şuşa meşələrində qadağan olunmuş fosfor silahlarından istifadə və bu kimi digər ekoloji terror əməlləri törədərək ümumilikdə Azərbaycanın ətraf mühitinə, fauna və florasına ciddi ziyan vurması, Ermənistan silahlı qüvvələrinin mülki və hərbi obyektlərə fərq qoymadan atdığı atəş nəticəsində dini-mədəni abidələrin dağıntılara məruz qalması barəsində səfirə geniş məlumat verib.

Müvəkkil, həmçinin 44 günlük müharibə dövründə gərgin işləyərək, Azərbaycanın haqq savaşının təfərrüatlarını, Ermənistanın törətdiyi müharibə cinayətlərinin dünya ictimaiyyəti və beynəlxalq qurumlara çatdırılması istiqamətində iş apardığını, Ombudsmanın münaqişədən zərər çəkmiş bölgələrdə faktaraşdırıcı missiyalar həyata keçirərək toplanmış materiallar əsasında hazırlanmış hesabatları, o cümlədən indiyədək istər əsir və girovlarla rəftar, muzdlulardan istifadə, istərsə də ekoloji terror və sair kimi insan hüquqlarına dair müxtəlif səpkidə mövzuların əhatə olunduğu müraciətləri müvafiq beynəlxaq qurumlara göndərdiyini vurğulayıb. 

Səfir R. Labardini öz növbəsində səmimi qəbula görə Müvəkkilə öz təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan və Meksika arasındakı dostluq əlaqələri bütün sahələrdə çox yüksək səviyyədədir. Cənab Labardini mülki şəxsləri və obyektləri hədəf alan hərbi hücumların ciddi təəssüf hissi doğurduğunu və Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini bildirib. 

Müvəkkil maraqlı fikir mübadiləsinə görə səfirə öz dərin minnətdarlığını bildirib, insan hüquqlarının səmərəli müdafiəsi sahəsində hər iki ölkənin Ombudsman qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə bir sıra digər məsələlər müzakirə olunub.