Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzlərinin rəhbərləri Ulu Öndər Heydər Əliyevin anım Gününə həsr edilmiş onlayn tədbirlərdə iştirak ediblər

12-12-2020 239 dəfə oxunub
Ombudsmanın regional mərkəzlərinin rəhbərləri Ulu Öndər Heydər Əliyevin anım Gününə həsr edilmiş onlayn tədbirlərdə iştirak ediblər

Yevlax rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım Gününə həsr edilmiş onlayn tədbir keçirilib.  Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov da gənclərin aktiv iştirakı ilə keçirilmiş həmin tədbirdə iştirak edib.

İştirakçıları Ombudsman Səbinə Əliyevanın adından salamlayan və onları Vətən müharibəsi nəticəsində əldə olunmuş qələbə münasibətilə təbrik edən Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, uzun müddət totalitar rejimdə yaşamağa məhkum olmuş Azərbaycanın qarşısında müstəqillik qazandıqdan sonra digər mühüm məsələlərlə yanaşı insan hüquqlarının ölkədaxili qanunvericilikdə təsbiti, insan hüquq və azadlıqlarının müdafiə mexanizmlərinin beynəlxalq təcrübəyə uyğun formalaşması, bu istiqamətdə təxirəsalınmaz islahatların aparılması kimi  vacib məsələlər dururdu. O, məhz belə bir tarixi şəraitdə, müstəqilliyimzin ilk illərində üzləşdiyimiz iqtisadi, siyasi çətinliklərə baxmayaraq Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində insan hüquq və azadlıqlarının ölkədaxili qanunvericilikdə təsbiti prosesinə başlanıldığını qeyd edib. Bu istiqamətdə atılan ən mühüm addımın 1995-ci il noyabrın 12-də keçirilən referendumda Ulu Öndərin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanan konstitusiyanın qəbul edilməsi olduğu bildirilib. 

S.Abbasov qeyd edib ki, Ulu Öndər tərəfindən imzalanmış “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərman və 1998-ci il 18 iyun tarixli Sərəncam ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”  isə ölkəmizdə insan hüquqlarının müdafiəsində yeni əlverişli zəmin yaratdı. Həmin dövlət proqramı ilə nəzərdə tutulmuş məsələlərin həlli istiqamətində həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycan Respublikasında insan hüquqları sahəsində mühüm uğurlar əldə edilmiş, əksər dünya dövlətlərində mövcud olan Ombudsman təsisatı ölkəmizdə də yaradıldığı, Milli Məclis tərəfindən 2001-ci il 28 dekabr tarixdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edildiyi nəzərə çatdırılıb. 

Ulu Öndərin əsasını qoyduğu inkişaf və tərəqqi siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən S.Abbasov məhz bu siyasət nəticəsində 30 ilə yaxındır ki, hüquqları kobud şəkildə pozulmuş, qaçqın və məcburi köçkün həyatı yaşayan bir milyona yaxın həmvətənimizin işğaldan azad olunmuş doğma ata-baba yurdlarına qayıtmaq ərəfəsində olduqlarını vurğulayıb.

Tədbirdə çıxış edən Yevlax rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova ümumilli lider Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində atdığı cəsarətli addımlar, Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətindəki yorulmaz fəaliyyəti barədə danışıb. Çıxış edən gənclər də Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edərək Azərbaycan gəncliyinin onu hər zaman dərin hörmət və ehtiramla yad etdiklərini bildiriblər.

Ombudsmanın Şəki Regional Mərkəzi ilə Qəbələ və Oğuz rayon Heydər Əliyev Mərkəzləri tərəfindən həmin rayonlardan olan müəssisələrin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə də ümummilli liderin xatirəsi ehtiramla anılıb. Onlayn tədbirdə çıxışlarında Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov və digər iştirakçılar Heydər Əliyevin Azərbaycanın tərəqqisinə yönəlmiş çoxşaxəli fəaliyyəti, bir çox sahələrdə formalaşmış və inkişaf etdirilmiş dövlət siyasəti barədə məlumat veriblər.