Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən 10 Dekabr-Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə onlayn tədbirlər keçirilib

11-12-2020 238 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən 10 Dekabr-Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə onlayn tədbirlər keçirilib

Ombudsmanın Şəki, Gəncə, Quba regional mərkəzləri 10 Dekabr-Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə videokonfrans formatında tədbirlər təşkil ediblər. Ombudsmanın regional mərkəzlərin rəhbərləri tərəfindən onlayn tədbir iştirakçılarına bu əlamətdar tarix barədə məlumat verilib, mövzu ilə bağlı müzakirələr aparılıb.

Ombudsmanın Şəki Regional Mərkəzi Qəbələ və Oğuz rayon Heydər Əliyev Mərkəzləri ilə birgə həmin rayonların müəssisələrindən olan nümayəndələr və gənclərlə Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilən maarifləndirici tədbir keçirib. Onlayn tədbirdə 10 dekabr tarixində 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, insan hüquqları sahəsində qəbul edilmiş beynəlxalq və yerli sənədlər haqqında iştirakçılara məlumat verilib.

Ombudsmanın Quba Regional Mərkəzi də “Asan Könülləri” təşkilatının bir qrup könüllüsü ilə videokonfrans rejimində maarifləndirmə tədbiri keçirib. Onlayn tədbir zamanı 10 dekabr tarixinin əhəmiyyəti və Ümumdünya İnsan Hüquqları Bəyannaməsi haqqında iştirakçılara məlumat verilib. 10 dekabr tarixinə qədər davam edən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasından da söz açılıb, Ombudsmanın bu sahədə gördüyü işlər, ölkəmizdə  qəbul olunan qanunlar və ölkə başçısı tərəfindən cari ilin 27 noyabr tarixində imzalanan Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı barədə danışılıb.

Ombudsmanın Gəncə Regional Mərkəzi bu əlamətdar tarixlə əlaqədar ilk tədbiri Göygöl rayon Gənclər və İdman idarəsi ilə birgə, rayonun gənclərinin aktiv iştirakı “İnsan hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda keçirib. Qazax rayon Gənclər və İdman idarəsi ilə birgə keçirilən və həmin rayonun gənclərinin aktiv iştirak etdiyi növbəti hüquqi-maarifləndirici tədbir isə “Bütün insanlar azad və bərabərdir”  mövzusuna həsr edilib. 

Bildirilib ki, XX əsrdə insan hüquqları sahəsində əsas sənəd 1948-ci il dekabrın 10-da BMT tərəfindən qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi olub və 1950-ci ildən başlayaraq bütün dünya bu günü Ümümdünya İnsan Hüquqları Günü olaraq qeyd edir. Dünya birliyinin bərabərhüquqlu üzvü olan Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçərək,bu Bəyannamə və digər beynəlxalq konvensiyalara qoşulduğu vurğulanıb. 

Ombudsman təsisatının ölkəmizdə insan hüquqlarının təşviqi, müdafiəsi və təbliği sahəsində həyata keçirilən çoxşaxəli fəaliyyəti, 916 Çağrı Mərkəzinin fəaliyyəti, həmçinin COVID-19 pandemiyası dövründə Ombudsmana müraciət etmək imkanları iştirakçıların diqqətinə çatdırılıb. Vətən müharibəsi zamanı düşmənin mülki obyektlərə ağır artilleriya və raket hücumları etməsi nəticəsində zərər çəkmiş çoxsaylı vətəndaşımızın hüquqlarının qorunması məqsədilə Ombudsman Səbinə Əliyeva tərəfindən cəbhə bölgəsi və digər regionlarda dəfələrlə keçirilmiş faktaraşdırıcı missiyalar çərçivəsində əldə edilən məlumatların hazırlanan hesabatlarla dünya ictimaiyyətinin diqqətinə çatdırıldığı bildirilib.