Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Samux və Göygöl rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə başçəkmələr həyata keçirilib

27-11-2020 265 dəfə oxunub
Samux və Göygöl rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə başçəkmələr həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında növbəti başçəkmələr Milli Preventiv Qrupun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Daxili İşlər Nazirliyinin Samux və Göygöl rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə (MSY) keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, inzibati qaydada həbs edilmiş və təqsirləndirilən şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmələr çərçivəsində MSY-lərin kameralarına, mətbəxinə, hamamına, istintaq, görüş, tibb, ibadət otaqlarına, gəzinti sahəsinə baxış keçirilib, tibbi yardımın təşkili, qidalanma, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə öyrənilib.

Müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisələrdə saxlanılan şəxslər fərdi qəbul olunaraq hüquqlarının təmin olunması vəziyyəti yerində araşdırılıb. Qəbul zamanı saxlanma şəraiti və rəftarla bağlı şikayət daxil olmayıb.

Başçəkmələrin yekununda MSY-lərin rəhbərliyi ilə söhbətlər aparılıb, saxlanma şəraiti və sənədləşmə ilə bağlı işin təkmilləşdirilməsi üçün milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizədə, xüsusi karantin rejimi dövründə bütün sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi diqqətə çatdırılıb.