Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən uşaq evlərinə başçəkmələr həyata keçirilib

24-11-2020 243 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən uşaq evlərinə  başçəkmələr həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Bakı, Şəki və Lənkəran şəhərlərində yerləşən uşaq evlərinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd müxtəlif yaş qruplarından olan və bu müəssisələrdə yaşayan uşaqların saxlanma şəraitinin, onlarla rəftar məsələlərinin və uşaqların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmələr zamanı müəssisələrin korpuslarına, yataq, dərs və asudə vaxtın təşkili üçün nəzərdə tutulmuş otaqlarına, yeməkxanasına, mətbəxinə, ərzaq anbarına və tibb otağına baxış keçirilib. 

Şəki şəhər Qarışıq Tipli Uşaq Evində rəftar məsələlərinin araşdırılması məqsədilə müəssisə rəhbərliyi, burada çalışan psixoloq və digər əməkdaşlarla fərdi müsahibələr aparılıb.

Lənkəran şəhər Qarışıq Tipli  Uşaq Evinə başçəkmə zamanı müəssisə əməkdaşlarının və uşaqların yeni növ koronavirus infeksiyasından qorunması üçün mütəmadi olaraq sanitar-gigiyenik vəziyyətin nəzarətdə saxlanılması, dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edilməsi müşahidə edilib.

Bakı şəhərində yerləşən 1 nömrəli Uşaq Evinə həyata keçirilən və psixoloqun da iştirak etdiyi başçəkmə çərçivəsində uşaq hüquqlarına dair bilik və bacarıqların səviyyəsinin müəyyən edilməsi və uşaq iştirakçılığının yoxlanılması məqsədilə 10 yaşdan yuxarı uşaqlar arasında sorğu keçirilmişdir. Sorğunun nəticələri demoqrafik və digər təsviri göstəricilərə uyğun olaraq təhlil olunacaq və növbəti başçəkmələr üzrə fəaliyyət prosesində nəzərə alınacaqdır.

Başçəkmələr zamanı, Ombudsman tərəfindən ölkədə elan olunmuş “Uşaq hüquqları aylığı” çərçivəsində nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq, burada yaşayan uşaqlarla karantin rejimi qaydalarına əməl olunmaqla hüquqi maarifləndirici görüşlər keçirilib. Onlara BMT-nin Uşaq Hüquqları Konvensiyası, Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun müddəaları, Ombudsmanın bu sahədə fəaliyyəti barədə məlumat verilib və onların sualları cavablandırılıb.

Yekunda hər üç müəssisənin rəhbərliyi və məsul əməkdaşlara milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı müvafiq tövsiyələr verilib.