Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanı Ermənistanın müharibə cinayətlərini beynəlxalq konfrans iştirakçılarının diqqətinə çatdırıb

18-11-2020 225 dəfə oxunub
Azərbaycan Ombudsmanı Ermənistanın müharibə cinayətlərini beynəlxalq konfrans iştirakçılarının diqqətinə çatdırıb

17 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili İnstitutu tərəfindən təşkil olunan “Avrasiya mühitində insan hüquqlarının müdafiəsi problemləri: Ombudsmanların təcrübələrinin mübadiləsi” mövzusunda IV beynəlxalq elmi-praktiki konfransda iştirak edib. 

Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovanın sədrliyi ilə keçirilən konfransda Türkiyə, İran, Serbiya, Qazaxıstan, Özbəkistan, Ermənistan və digər bir sıra ölkələrin Ombudsmanları ilə yanaşı, bəzi beynəlxalq qurumların rəhbərləri və nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları məruzələrlə çıxış edərək insan hüquqlarının qorunmasında Avropa və Asiya ölkələri Ombudsmanlarının  qarşılaşdıqları problemlər və onların həlli istiqamətində qəbul edilmiş qərarların mübadiləsi, o cümlədən tətbiq edilən yeniliklər və təklif olunan yeni layihələr barədə müzakirələr aparıblar. 

Müvəkkil Səbinə Əliyeva tədbirin mövzusunun aktuallığı və əhəmiyyəti baxımından diqqətəlayiq olduğunu vurğulayıb. Daha sonra Ombudsman fəaliyyətə başladığı ilk günlərdən ölkə daxilində və xaricdə yaşayan vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsi sahəsində həyata keçirilən işlər barəsində danışıb. Qeyd olunub ki, Müvəkkilin təşəbbüsü ilə təsisatda yaradılan Çağrı Mərkəzi vətəndaşların müraciətlərinin daha rahat və sürətli şəkildə qəbuluna imkan yaradıb. O bildirib ki, COVID-19 infeksiyası ilə mübarizə məqsədilə ölkədə elan olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Ombudsman təsisatında vətəndaşların canlı qəbulu müvəqqəti dayandırılsa da, müraciətlərin poçt, qaynar xətt, sosial şəbəkələr vasitəsilə və onlayn formada qəbulu davam etməkdədir.

Müvəkkil bildirib ki, pandemiya dövründə silahlı münaqişələrin dayandırılması ilə bağlı beynəlxalq səviyyədə çağrışların edilməsinə baxmayaraq, Ermənistan rəhbərliyi Azərbaycana qarşı hərbi təxribatlarını davam etdirərək mülki yaşayış məntəqələrini ağır silahlardan atəşə tutub. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən mülki yaşayış məntəqələrini müntəzəm şəkildə atəşə tutduğunu bildirib və Azərbaycanın həm əhalisini, həm də ərazi bütövlüyünü qorumaq məqsədilə əks-hücum əməliyyatlarına başladığını qeyd edib. 

Ermənistanın mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etdiyini bildirən Müvəkkil Azərbaycanın raket atəşinə məruz qalmış şəhər və kəndlərində müxtəlif vaxtlarda 6 faktaraşdırıcı missiya həyata keçirdiyini və əldə etdiyi dəlillər əsasında aralıq hesabatlar hazırlayaraq aidiyyəti beynəlxalq qurumlara göndərdiyini diqqətə çatdırıb. 

Tədbirdə məruzə ilə çıxış edən Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç da Müvəkkil Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda raket hücumları ilə dağıdılan mülki yaşayış yerlərinə gedərək yerində araşdırma apardığını və bununla əlaqədar hesabat hazırladığını bildirib. 

Daha sonra tədbir digər məsələlərin müzakirəsi ilə davam edib.