Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Quba və Şəki Regional  Mərkəzləri  17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbirlər keçiriblər

17-11-2020 229 dəfə oxunub
Ombudsmanın Quba və Şəki Regional  Mərkəzləri  17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbirlər keçiriblər

17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Ombudsmanın Quba və Şəki Regional Mərkəzləri onlayn tədbirlər təşkil ediblər. Tədbirlərdə müxtəlif qurumların, rayonların müəssisə, idarə və təşkilatların əməkdaşları iştirak ediblər. 

Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən videokonfrans rejimində keçirilmiş tədbir Xaçmaz Regional Mədəniyyət Şöbəsinin Quba Tarix-Diyarşünaslıq muzeyi ilə birgə təşkil edilib. Ombudsmanın Şəki Regional Mərkəzi isə Balakən rayon Heydər Əliyev Mərkəzi ilə birgə videokonfrans rejimində “Milli Dirçəliş Günü milli tərəqqiyə doğru uzanan yolun başlanğıcıdır” mövzusunda tədbir keçirib. 

Tədbirlərdə Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev və Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov çıxış edib, Azərbaycan xalqının azadlıq səsinin ucaldığı, dirçəliş yolunda dönüş nöqtəsi olan 1988-ci il 17 noyabr tarixinin əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

Belə ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi, Muxtar Respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla Ümummilli lider milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addımı atdı.

Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu və Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxarılaraq onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. 

Tədbirlərdə, həmçinin rəşadətli ordumuzun müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşmən işğalından azad etdiyi, Azərbaycanın hərbi-siyasi zəfər qazandığı qeyd olunub, bayram və qələbə münasibəti ilə Müvəkkilin adından təbrik çatdırılıb. Eyni zamanda, müharibə dövründə Ombudsmanın gərgin və çoxşaxəli fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib.       

Sonra iştirakçılar mövzu ilə əlaqədar öz fikirlərini bölüşüblər.