Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı onlayn tədbirdə iştirak edib

13-11-2020 280 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı onlayn tədbirdə iştirak edib

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planına əsasən uşaq nikahlarının qarşısının alınması istiqamətində tədbirlərinin gücləndirilməsi məqsədilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə əməkdaşlığı, psixoloq və həkim-ginekoloqların iştirakı ilə 7 noyabr 2020-ci il tarixdə onlayn platformada təlim keçirilib. 

Ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə keçirilən onlayn tədbirdə uşaq nikahlarının qarşısının alınması ilə bağlı maarifləndirmənin genişləndirilməsi, gənc qızlarının hüquqlarının qorunması və onların təhsildən yayınmaması, ana, körpə ölümü, məişət zorakılığı, insan hüquqlarının xüsusilə uşaq hüquqlarının pozulmasının qarşısının alınması məsələləri müzakirə edilib. 

Təlimdə çıxış edən Aparatın əməkdaşı Azər İsalı Müvəkkilin insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan uşaq hüquqlarının müdafiəsi və təbliği, o cümlədən pandemiya dövründəki fəaliyyəti çərçivəsində gördüyü işlər haqqında məlumat verib.

Bildirilib ki, hər il olduğu kimi, bu il də Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

Həmçinin bildirilib ki, Ombudsman təsisatının sözügedən sahədə əsas fəaliyyət istiqamətlərindən biri də maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.

Aparatda uşaqlarla bağlı, eləcə də digər hüquq pozuntularının vaxtında müəyyən edilərək araşdırılması məqsədilə 916 Çağrı Mərkəzinin fəaliyyət göstərdiyi vurğulanıb.

Tədbirdə iştirak edən qurumların nümayəndələri mövzu ətrafında çıxışlar ediblər.