Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri Beynəlxalq Sülh Günü ilə bağlı videokonfranslar keçirib

21-09-2020 393 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri Beynəlxalq Sülh Günü ilə bağlı videokonfranslar keçirib

21 sentyabr-Beynəlxalq Sülh Günü münasibətilə Ombudsmanın Gəncə, Quba, Şəki və Cəlilabad Regional Mərkəzləri onlayn tədbirlər təşkil ediblər.

Həmin tədbirlərdə müxtəlif dövlət qurumlarının, rayonların müəssisə, idarə və təşkilatlarının əməkdaşları və gənclər iştirak ediblər.

Şəki Regional Mərkəzinin keçirdiyi tədbirdə Mərkəzin rəhbəri Pərviz Məmmədov bəşəriyyətin varlığı üçün sülhün vacib olduğunu, sülh tərəfdarı olan ölkəmizin Ermənistanın təcavüzkar siyasəti nəticəsində işğal edilən torpaqlarımızı azad etməyə çalışdığını qeyd edib. O, habelə regionda sülhə təhdid yaradan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribatları ilə əlaqədar Ombudsmanın nüfuzlu beynəlxalq təşkilatlara etiraz bəyanatı göndərdiyini bildirib.

Quba Regional Mərkəzinin tədbirində isə Mərkəz rəhbəri Bəhruz Əfəndiyev  bu gün məhz Beynəlxalq Sülh Günündə Azərbaycan xalqına qarşı törədilən növbəti təxribat nəticəsində bir nəfər əsgərimizin şəhid olduğunu, birinin isə yaralandığını qeyd edərək, bunun düşmən xislətinin göstəricisi olduğunu bildirib.

Gəncə Regional Mərkəzinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi və sülh mədəniyyəti" mövzusunda təşkil etdiyi tədbir zamanı  tarix boyu xalqımızın sülhsevər bir xalq olduğu və dövlətimizin regionda sülhün bərqərar olması üçün əlindən gələni etdiyi vurğulanıb. Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov bütün dünyada və müəyyən regionlarda tarix boyu müharibə və münaqişələrin qaçılmaz olduğunu, lakin bütün bəşəriyyət üçün sülhün vacibliyini nəzərə alaraq, dünya ölkələrinin yekdil qərarı ilə 21 sentyabr tarixinin 1981-ci ildə BMT tərəfindən Beynəlxalq Sülh Günü kimi qeyd edilməsi haqqında qərar qəbul edildiyini bildirib. O, təəssüf hissi ilə mənfur qonşularımızın sülh məfhumunu dərk etmədiklərini, regionda sülhü və insan hüquqlarını da özlərinə yaraşan ən kobud şəkildə tapdaladıqlarını vurğulayıb.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən "Sülh- bəşəriyyətin ən ali dəyəridir” mövzusunda keçirilən onlayn videokonfrans zamanı isə Mərkəzin rəhbəri Ziya İsmayılov “Sülh və insan hüquqları” mövzusunda çıxış edib. Həmçinin qeyd edilib ki, dünyada sülhün, təhlükəsizliyin təminatını vacib amil kimi önə çəkən dövlətimizin başçısı cənab İlham Əliyev bütün münaqişəli məsələlərin beynəlxalq hüquq normaları çərçivəsində həllinə səy göstərir və ən yüksək tribunalardan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının vacibliyini qətiyyətlə bəyan edir.

Sonda iştirakçıların sualları cavablandırılıb.