Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şəki Regional Mərkəzi gender bərabərliyi ilə əlaqədar onlayn maarifləndirici tədbir təşkil edib

04-09-2020 469 dəfə oxunub
Ombudsmanın Şəki Regional Mərkəzi gender bərabərliyi ilə əlaqədar onlayn maarifləndirici tədbir təşkil edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzi Balakən rayon Heydər Əliyev Mərkəzi ilə birgə “Gender bərabərliyinin təmin edilməsi dövlətin başlıca vəzifələrindən biridir” mövzusunda videokonfrans keçirib.

Tədbirdə Balakən rayon Gənclər və İdman İdarəsinin, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, o cümlədən gənclər iştirak ediblər. 

Onlayn tədbirdə çıxışı zamanı Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov gender bərabərliyinin aktual müzakirə mövzusu olduğunu iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, keçən əsrin ikinci yarısından etibarən gender bərabərliyi uğrunda dünyada daha aktiv mübarizə aparılıb, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bu istiqamətdə səylər gücləndirilib və bir sıra beynəlxalq sənədlər qəbul olunub. 

O, BMT-nin təşəbbüsü ilə 1975-ci ildə qadın ili, 1975-1985-cü illərdə qadın onilliyi keçirildiyini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində 5-ci məqsəd olaraq gender bərabərliyinə nail olunmasının, bütün qız və qadınların hüquq və imkanlarının genişləndirilməsinin zəruriliyinin vurğulandığını diqqətə çatdırıb. Qeyd olunub ki, bu məqsəd hər yerdə qadın və qızlara qarşı bütün formalarda ayrı-seçkiliyə, zorakılığa, insan alveri, cinsi və digər növlərdə istismara son qoyulmasına, erkən və məcburi nikahın aradan qaldırılmasına, hamı üçün reproduktiv sağlamlıq xidmətlərinə çıxış imkanını nəzərdə tutur. 

Tədbirdə Azərbaycanda gender bərabərliyinin təşviqi istiqamətində son illər ərzində əhəmiyyətli tədbirlər görüldüyü, 2006-ci ildə qəbul edilmiş “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununda cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsinin məqsəd olaraq müəyyən edildiyi qeyd olunub. Həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf konsepsiyasında, “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gender bərabərliyinin təmin edilməsi məsələsinin diqqət mərkəzində saxlanıldığı bildirilib.

Daha sonra tədbir iştirakçılarına Müvəkkilin ölkəmizdə gender bərabərliyinin təmin edilməsi sahəsində geniş fəaliyyəti barədə ətraflı məlumat verilib.

Videokonfransda iştirak edən digər nümayəndələr də müvafiq mövzu ilə əlaqədar çıxış edərək fikirlərini bildiriblər.