Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən 2 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib

03-09-2020 384 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən  2 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında növbəti başçəkmə Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, təqsirləndirilən şəxslərin beynəlxalq standartlara və daxili intizam Qaydalarına uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin yataqxana korpusuna və kameralara, cərimə təcridxanasına, yeməkxanaya, mətbəxə, ərzaq anbarına, istintaq və vəkil otaqlarına, digər obyektlərə baxışlar keçirilib, tibbi yardımın təşkili, yemək-qidalanma, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər fərdi qəbul olunub, hüquqlarının təmin olunması vəziyyəti və müraciətləri araşdırılıb. Qəbul olunanlar daha çox kameralardakı şərait və sıxlıqdan, yataq dəstlərinin yararsız olmasından, bəziləri isə tibbi yardım və barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər.

Eyni zamanda, müəssisənin və tibbi-sanitar hissənin müvafiq qeydiyyat jurnallarında, vəkil və telefon danışığı otağında nöqsanlar, habelə istintaq təcridxanasında qanunvericiliyə uyğun olaraq psixoloji yardım kabinetinin olmaması müəyyən edilib.

Başçəkmə çərçivəsində qaldırılan məsələlər yerində araşdırılıb, istintaqla bağlı məsələlər üzrə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah olunub, bir sıra müraciətlər yerində təmin edilib.

Başçəkmənin yekununda müəssisə rəhbərliyi ilə söhbətlər aparılıb, müraciətlərin göndərilməsi və sənədləşmə ilə əlaqədar müəyyən edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.