Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələrini qəbul edib

20-08-2020 420 dəfə oxunub
Ombudsman Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələrini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Pakistan İslam Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Navid Anjum və hərbi attaşe Usman Aslamı qəbul edib. 

Qonaqları salamlayan Müvəkkil iki qardaş ölkə olan Azərbaycan və Pakistan arasında münasibətlərin dərin tarixi köklərə malik olduğunu, iqtisadi, sosial, mədəni və digər sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğunu bildirib. Pakistanın ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu vurğulayan Müvəkkil dövlətlərimizin beynəlxalq arenada hər zaman bir birini dəstəklədiyini qeyd edib. 

Müvəkkil iki ölkənin Ombudsman təsisatları arasındakı əməkdaşlıq əlaqələrinə toxunaraq qurumlar arasında imzalanan Anlaşma Memorandumunun hər iki ölkənin vətəndaşlarının hüquq və azadlıqlarının səmərəli şəkildə müdafiəsinə böyük töhfə verdiyini bildirib. 

Qeyd olunub ki, Azərbaycan Ombudsmanının vitse prezidenti olduğu Asiya Ombudsmanlar Assosiasiyası uzaq şərq və Asiya ölkələrində fəaliyyət göstərən Ombudsman təsisatları arasında güclü əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfələr verir. Sözügedən Assosiasiyanın fəaliyyətindən danışan Müvəkkil bu qurumun uzun illərdir ki, rəhbərliyini həyata keçirən Pakistan Federal Ombudsmanının qurumun inkişafındakı xüsusi rolunu vurğulayıb. 

Səmimi qəbula görə Müvəkkilə təşəkkürünü bildirən Navid Anjum ölkələrimizin sülhsevər siyasətinin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, daim sülhün, əmin-amanlığın və insan hüquqlarının təmini uğrunda fəaliyyətə üstünlük verilməsi mühüm əhəmiyyətə malikdir.  O,  habelə Azərbaycan Ombudsman institutunun ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi və təmini sahəsindəki çoxşaxəli fəaliyyətini izlədiyini və ikitərəfli əməkdaşlığın bundan sonra da davam etdirilməsinin böyük önəmə malik olduğunu deyib. 

Görüş zamanı hər iki tərəf üçün qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.