Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi hüquqi maarifləndirici tədbir keçirib

19-08-2020 444 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi hüquqi maarifləndirici tədbir keçirib

Avqustun 18-də Ombudsmanın Gəncə Regional Mərkəzi və Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Gender bərabərliyi” mövzusunda onlayn regional hüquqi maarifləndirici tədbir keçirilib. 

Keçirilmiş tədbirdə regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin Quba, Xaçmaz, Balakən, Zaqatala, Qəbələ, Oğuz, Neftçala, Şabran, Şirvan, Xızı, Astara, Lənkəran, Astara, Yardımlı, Lerik, Kürdəmir, Zərdab, Sabirabad, Qazax, Şəmkir, Tovuz, Şəki, Masallı, Salyan, Qaradağ rayon mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova qadın hüquqlarının və gender bərabərliyinin təmininin Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmlərdə qadınların cəmiyyətdə rolunun artırılmasına xüsusi diqqət yetirdiyini, bu siyasi kursun bu gün də ölkə başçısı cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Tədbir iştirakçılarını Müvəkkil Səbinə Əliyevanın adından salamlayan Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov gender bərabərliyinin təmin edilməsinin, qadın hüquqlarının müdafiəsinin Müvəkkilin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu, gender əsaslı zorakılıqla və məişət zorakılığı ilə mübarizə istiqamətində Azərbaycan Ombudsman təsisatının geniş maarifləndirmə fəaliyyəti həyata keçirdiyini, hər il bu mövzuda müxtəlif kateqoriyadan olan əhalinin iştirakı ilə mərkəzi və yerli dövlət qurumları ilə birgə tədbirlərin təşkil edildiyini, bu istiqamətdə 25 noyabr-10 dekabr tarixləri arasında hər il 16 gün ərzində davam edən gender əsaslı zorakılıqla mübarizə kampaniyası zamanı ənənəvi olaraq müxtəlif maarifləndirici tədbirlərin və fəaliyyətlərin həyata keçirildiyini, Ombudsman təsisatı tərəfindən “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” ilə nəzərdə tutulmuş tədbirlərin Gənclər və İdman idarələri ilə birgə müntəzəm icrası nəticəsində gənclərin hüquqi biliklərinin, gender bərabərliyi barədə  məlumatlılığının daha da artdığını diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Azərbayca Respublikasının Nazirlər Kabinetinin 24.02.2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin gender bərabərliyinin təmin edilməsində mühüm rol oynadığı, bu istiqamətdə Ombudsman təsisatının da geniş maarifləndirmə işlərini həyata keçirdiyi vurğulanıb. Qeyd edilib ki, ölkə Konstitusiyasının 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilir.  Konstitusiyanın qəbulundan sonra respublikamızda kişi və qadın bərarbərliyinin təmini, gender balansının qorunması istiqamətində də mühüm addımlar atılıb, müvafiq qanunvericilik bazası formalaşdırılıb, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmini sahəsində kompleks tədbirlər həyata keçirilməkdədir.

Tədbirdə digər çıxış edənlər gender bərabərliyinin təmin edilməsinin əhəmiyyətindən bəhs ediblər. İnteraktiv müzakirə şəraitində davam edən tədbirdə iştirakçıların sualları ətraflı cavablandırılıb.