Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən onlayn regional tədbir keçirilib

05-08-2020 381 dəfə oxunub
Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən onlayn regional tədbir keçirilib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi rayonun Gənclər və İdman İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində ətraf 8 rayonun iştirakı ilə “Azərbaycan gəncliyi hər zaman dövlətin və dövlət başçımız möhtərəm İlham Əliyevin yanındadır” mövzusunda onlayn regional tədbir keçirib. 

Tədbirdə çıxış edən Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Ermənistan silahlı qüvvələrinin mütəmadi şəkildə atəşkəs rejimini pozaraq ölkəmizin mövqelərini, o cümlədən dinc mülki əhalinin yaşayış yerlərini davamlı olaraq atəşə tutmasının həm hərbi qulluqçular, həm də mülki əhali arasında ölüm və yaralanma hallarının baş verməsinə səbəb olduğunu bildirib. O Ermənistan tərəfindən törədilən hərbi təxribatların davamlı xarakter daşıdığını və son bir neçə ay ərzində baş verənlərin bu reallığın bariz ifadəsi olduğunu söyləyib. Həmçinin bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi cinayətlər nəticəsində insan hüquqları, habelə beynəlxalq humanitar hüquq sahəsində mövcud olan beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulduğu və bu tendensiyanın davam etdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, öz məkrli, təcavüzkar və işğalçı siyasətindən əl çəkməyən Ermənistan yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunmuş hazırkı  pandemiya dövründə də müxtəlif istiqamətlər üzrə atəşkəs rejimini pozmaqla tələfatla nəticələnən təxribatçı hərəkətlərini  davam etdirir. 

Tədbirdə xatırladılıb ki, 12 iyul 2020-ci il tarixində günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə ölkəmizin Ermənistanla sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini ələ keçirmək məqsədilə atəşə tutaraq hücuma keçməyə cəhd göstərmişdir. Təxribat nəticəsində insan hüquqlarının pozulması barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün Ombudsman Səbinə Əliyeva tərəfindən verilmiş 13 iyul 2020-ci il tarixli bəyanatda pandemiya dövründə belə işğalçı Ermənistan ordusunun atəşkəs rejimini pozması və təxribatçı hərəkətlərinə davam etməsi münaqişə zonasında yaşayan insanların həyat şəraitini daha da ağırlaşdırdığı xüsusi olaraq vurğulanıb.  Bildirilib ki, Müvəkkil Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulan Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərinə mülki şəxslərə məxsus dağıdılmış evlərə, həmçinin artilleriya atəşinə məruz qalmış Tovuz rayon Mərkəzi Xəstəxanasının yaxınlığındakı əraziyə, erməni təxribatları və ağır artilleriya hücumları nəticəsində yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sağlamlıq vəziyyəti ilə tanış olmaq üçün hərbi hospitala baş çəkib, aparılmış monitorinqlərin nəticələri ilə bağlı hazırlanmış geniş hesabatlar nüfuzlu beynəlxalq təşkilatlara göndərilib. 

Tədbirdə Cəlilabad, Neftçala, Biləsuvar, Salyan, Masallı, Yardımlı, Lerik, Lənkəran rayon və şəhər gənclər və idman idarələrinin rəisləri, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi Zamiq Əsgərov, Tovuzdan olan müəllim Sərxan Mirzəyev çıxış ediblər. Çıxışlarda Azərbaycan xalqının öz dövlətinə, Ali Baş Komandanına və ordusuna sonsuz inam və dəstək ifadə etdiyi, cəmiyyətimizdə böyük ruh yüksəkliyinin olduğu vurğulanıb. Əminlik ifadə olunub ki, Azərbaycan işğal altında olan ərazilərini tezliklə azad edəcək. 


Onlayn tədbirdə qarşılıqlı fikir mübadiləsi aparılıb.