Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri hərbi vətənpərvərliklə əlaqədar onlayn tədbirdə iştirak edib

29-07-2020 434 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri hərbi vətənpərvərliklə əlaqədar onlayn tədbirdə iştirak edib

İyulun 28-də Ağstafa rayon Gənclər və İdman idarəsinin, Ağstafa rayon Heydər Əliyev Mərkəzi və Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin təşkilatçılığı, Ağstafa, Qazax və Tovuz rayonlarından olan gənclərin iştirakı ilə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan həmvətənlərimizin xatirəsinə həsr olunmuş “Başın Sağ Olsun,Vətən!” mövzusunda onlayn hərbi vətənpərvərlik tədbiri keçirilib.  

Əvvəlcə düşmən təxribatı nəticəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov hərbi qulluqçularımızın ərazi bütövlüyümüzün qorunması yolunda qəhrəmancasına həlak olan şəhidlərimizin Vətənə ləyaqətli və şərəfli xidmət nümunəsi ortaya qoyduqlarını vurğulayıb. O, Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhuna malik olduğunu bildirib. 

Tədbir iştirakçılarına məlumat verilib ki, Tovuz rayonu istiqamətində baş vermiş təxribat nəticəsində pozulmuş insan hüquqları barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün Ombudsman Səbinə Əliyeva 13 iyul 2020-ci il tarixində dünya ictimaiyyətinə bəyanat ünvanlayıb. Xatırladılıb ki, Müvəkkil Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulan Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərinə səfər edib, həmçinin artilleriya atəşinə məruz qalmış Tovuz rayon Mərkəzi Xəstəxanasının yaxınlığındakı əraziyə, erməni təxribatları və ağır artilleriya hücumları nəticəsində yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sağlamlıq vəziyyəti ilə tanış olmaq üçün hərbi hospitala baş çəkib. Aparılmış monitorinqlərin nəticələri ilə bağlı hesabat beynəlxalq təşkilatlara göndərilib. 

Eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların sərbəst toplaşmaq və ifadə azadlıqlarından istifadə edərək Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində əsasən mülki şəxsləri hədəfə almaqla törətdiyi hərbi təxribat xarakterli hücumlara etiraz etmək üçün müxtəlif ölkələrdə dinc aksiyalar təşkil edərkən ermənilər tərəfindən zorakılığa məruz qalmaları nəticəsində onların bir sıra hüquqlarının kobudcasına pozulması ilə bağlı Ombudsman Səbinə Əliyeva tərəfindən beynəlxalq ictimaiyyətə bəyanat ünvanlandığı qeyd olunub. Həmin bəyanatda insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlar dinc aksiyaçılara qarşı erməni hücumlarını qınamağa, hüquq pozuntusuna yol vermiş şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunmalarına çağırılıb.

Tədbirdə mövzu ilə bağlı digər çıxış edənlər də gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin vacibliyini önə çəkərək qəhrəman şəhidlərimizin şərəfli və nümunəvi ömür yollarının daim yad edilməsinin əhəmiyyətini vurğulayıblar.