Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı gender məsələlərinə dair onlayn tədbirdə iştirak edib

09-07-2020 404 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı gender məsələlərinə dair onlayn tədbirdə iştirak edib

“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Avropa İttifaqı və BMT İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” proqramı çərçivəsində onlayn tədbir təşkil edilib. Tədbirdə yerli vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq təşkilatların və dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin başçılıq etdiyi ekspert qrupu tərəfindən Azərbaycanda qadınların hüquqlarının təmininin gücləndirilməsi məqsədilə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunlara, Əmək Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə əlaqədar hazırlanmış təkliflər barədə onlayn formatda ictimai müzakirə keçirilib. 

Tədbirdə iştirak edən Ombudsman Aparatının Elmi-analitik sektorunun baş məsləhətçisi Lamiyə Zeynalova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın adından tədbir iştirakçılarını salamlayaraq, qadın hüquqlarının qorunması və gender bərabərliyinə nail olunmasının Ombudsmanın fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu bildirib. O qeyd edib ki, qadınlara və qızlara təhsil, səhiyyə xidmətləri, layiqli iş, siyasi və iqtisadi qərar qəbuletmə proseslərində təmsilçilikdə bərabər imkanların verilməsi dayanıqlı iqtisadiyyata, ümumiyyətlə, cəmiyyətlərə və bəşəriyyətə fayda gətirəcəkdir.

Diqqətə çatdırılıb ki, Ombudsman bu istiqamətdə müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və KİV-lə sıx əməkdaşlıq edərək, müxtəlif qanun layihələrinə və strateji sənədlərə dair təkliflər irəli sürüb. Bu təkliflərin aidiyyəti qurumlar tərəfindən nəzərə alınmasının qanunvericiliyin təkmilləşdirilməsinə və qadınların hüquqlarının qorunmasına müsbət təsir göstərəcəyi qeyd olunub.

Müzakirələr zamanı iştirakçılar tərəfindən bu sahədə qanunvericilikdə olan boşluqlar və problemlər, hazırlanan dəyişikliklər müzakirə olunub, bir sıra təkliflər səsləndirilib. Tədbirin təşkilatçıları Azərbaycan Ombudsmanının hər zaman vətəndaş cəmiyyətini dəstəklədiyini və əməkdaşlıq etdiyini vurğulayıblar.