Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə videokonfrans keçirilib

18-06-2020 359 dəfə oxunub
Ombudsman Aparatı və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə videokonfrans keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə 18 iyun – İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqlarının müdafiəsində Ombudsman təsisatının Vəkillər Kollegiyası ilə əməkdaşlığı” mövzusunda videokonfrans keçirilib. 

Ombudsman Səbinə Əliyeva əvvəlcə iştirakçıları İnsan Hüquqları Günü münasibətilə təbrik edib, ölkəmizdə 18 may – 18 iyun tarixlərini əhatə edən İnsan Hüquqları Aylığının əhəmiyyətini, bu kontekstdə çoxsaylı və genişmiqyaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, aylıq çərçivəsində dövlət və vətəndaş cəmiyyəti institutlarının aktiv iştirakı ilə keçirilən tədbirlər insan hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək baxımından olduqca mühüm əhəmiyyətə malikdir. 

Müvəkkil müasir dünyada vəkillik institutunun əhəmiyyətini qeyd edərək Ombudsman təsisatı ilə Vəkillər Kollegiyasının birgə əməkdaşlığının  böyük önəm kəsb etdiyini vurğulayıb. Səbinə Əliyeva rəhbərlik etdiyi qurumla Vəkillər Kollegiyası arasında əhalinin peşəkar hüquqi yardımla təmin edilməsi, hüquqi maarifləndirmə və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində gələcək birgə əməkdaşlığın əhəmiyyətli olacağını deyib. 

Vəkillər Kollegiyasının sədri Anar Bağırov iki qurum arasında keçirilən ilk tədbirin insan hüquqları və azadlıqlarının qorunması məsələsinin müzakirəsi, eyni zamanda, birgə fəaliyyət istiqamətlərinin müəyyən olunması baxımından mühüm önəm daşıdığını bildirib. O, 2011-ci ildə insan hüquqları üzrə qəbul edilmiş Milli Fəaliyyət Proqramının icrası istiqamətində Kollegiya tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini və bu barədə Ombudsman Aparatına məlumatlar verildiyini nəzərə çatdırıb. A. Bağırov, həmçinin ölkəmizdə vəkillik institutunun inkişafı istiqamətində görülən işlərin əhəmiyyətindən bəhs edib, Ombudsman təsisatı ilə Vəkillər Kollegiyası arasında gələcək əməkdaşlıq haqqında fikirlərini ifadə edib.  

Videokonfransda qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub, bir sıra təkliflər səsləndirilib.