Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı və BDU-nun birgə təşkilatçılığı ilə respublika virtual elmi konfransı keçirilib

12-06-2020 402 dəfə oxunub
Ombudsman Aparatı və BDU-nun birgə təşkilatçılığı ilə respublika virtual elmi konfransı keçirilib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda respublika virtual elmi konfransı keçirilib. 

Ombudsmanın təşəbbüsü ilə elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbiri BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev açaraq ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması istiqamətində görülmüş işlər və konfransın mövzusu barəsində məlumat verib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva virtual konfransı giriş sözü ilə açaraq onun işinə uğurlar arzulayıb, iştirakçıları 15 iyun - Milli Qurtuluş günü və İnsan Hüquqları Günü münasibətilə təbrik edib. O, ölkəmizin Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkəmizin vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi bəyan edildiyini diqqətə çatdırıb. Müvəkkil bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənəd olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunub. “Azərbaycan dövlətinin insan hüquqlarına verdiyi ali dəyərin bariz təzahürüdür ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, insan hüquqlarına dair ilk strateji sənədin qəbul edildiyi 18 iyun tarixi respublikamızda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur”,-deyə S.Əliyeva vurğulayıb. 

O, mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan Hüquqları Aylığı”nın elan olunduğunu, bu təşəbbüsə dövlət və vətəndaş cəmiyyəti institutlarının aktiv şəkildə qoşulduğunu, insan hüquqları mövzusunda silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. İnsan hüquqlarının ali təhsil müəssisələrində tədrisinin gənclərin hüquq düşüncəsinin inkişafına təkan verdiyini deyən Müvəkkil Ombudsman təsisatının Bakı Dövlət Universiteti ilə əməkdaşlıq etdiyini, bu kontekstdə mühüm təşəbbüslərin həyata keçirildiyini bildirib. “Ombudsman təsisatı ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq üçün geniş imkanlar var və inanıram ki, əməkdaşlığımız bundan sonra da uğurla davam edəcək”,-deyə Müvəkkil Səbinə Əliyeva əlavə edib. 

BDU-nun rektoru Elçin Babayev Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət yetirildiyini, bu istiqamətdə qanunvericilik bazasının zənginləşdirildiyini və mühüm uğurlar əldə olunduğunu bildirib. Hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyən rektor rəhbərlik etdiyi universitetin müasir çağırışlara və tələblərə imkan verən hüquqşünas-kadrların yetişdirilməsinə böyük önəm verdiyini diqqətə çatdırıb. 

Daha sonra çıxış edən Ombudsman Aparatının rəhbəri və əməkdaşları, universitetin Hüquq fakültəsinin dekanı və müəllimləri insan hüquqlarının qorunmasının müxtəlif aspektləri barədə elmi-nəzəri məsələləri və analitik qənaətlərini diqqətə çatdırıblar. 

Elmi konfrans interaktiv müzakirə şəklində davam etdirilib.