Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Gənclərin iştirakı ilə onlayn maarifləndirmə tədbiri keçirilib

11-06-2020 10882 dəfə oxunub
Gənclərin iştirakı ilə onlayn maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə elan olunmuş İnsan Hüquqları Aylığı çərçivəsində Ombudsman Aparatı Gənclər və İdman Nazirliyi ilə birgə onlayn formada “Gənclərin hüquqları” adlı silsilə tədbirlər keçirir.  

Ombudsman Aparatının, Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə, Nərimanov, Sabunçu, Suraxanı və Xəzər Rayon Gənclər və İdman İdarələrinin və gənclərin iştirakı ilə onlayn görüş keçirilib.

“Gənclərin təhsil və karyera sferasında davamlı inkişafı ilə bağlı keçirilən onlayn təlim və tədbirlərin əhəmiyyəti” mövzusuna həsr edilən görüşdə Ombudsman Aparatının əməkdaşları Müqalib Mahmudov, Lamiyə Zeynalova və Aydan Talıbova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Nərimanov Bələdiyyəsinin sədr müavini Vüsal Cəfərli, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin Regionlarla iş şöbəsinin rəhbəri Ümidə Rəhimova, tələbə-gənclər təşkilatlarının sədrləri və fəal gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ölkəmizdə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv iştirakı ilə seçilir,  ictimai-siyasi, sosial-iqtisadi, humanitar və digər tədbirlərin keçirilməsində mühüm rol oynayır. Respublikamızda təhsil və karyera sferasında davamlı inkişaf üçün yaradılan geniş imkanlar nəticəsində cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclərimiz dövlət və yerli özünidarə orqanlarında, eləcə də  özəl sektorda məsul vəzifələrə cəlb edilir,  ölkəmizin xoşbəxt gələcəyi naminə irəliyə doğru inamla addımlayırlar.

Ombudsman Aparatının sektor müdiri M. Mahmudov çıxış edərək ilk növbədə tədbir iştirakçılarını Müvəkkil Səbinə Əliyevanın adından salamlayıb, qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü və 18 iyun - İnsan Hüquqları Günü münasibətilə təbriklərini, xoş arzularını çatdırıb. Ombudsmanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan Hüquqları Aylığı çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarında onlayn formada təşkil olunan silsilə hüquqi maarifləndirmə tədbirləri zamanı gənclərin təhsil, əmək, sosial təminat və digər hüquqlarının müdafiəsi mövzularında müzakirələrin aparıldığı barədə məlumat verilib. M.Mahmudov daha sonra gənclərin təhsil və karyera sferasında davamlı inkişafında mühüm rola malik olan mövcud qanunvericilik bazası, o cümlədən “Təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məşğulluq haqqında” qanunlar, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məqsəd və vəzifələr, hazırkı pandemiya şəraitində gənclərlə bağlı onlayn formada təşkil olunan təlim və tədbirlərin əhəmiyyəti barədə fikirlərini bildirib.

Görüşdə çıxış edən Ombudsman Aparatının digər əməkdaşları da gənclərin təhsil və karyera sahəsində davamlı inkişafının təmini üçün ölkəmizdə mövcud olan resurslardan və yaradılan yeni imkanlardan danışıb, gənclərə öz tövsiyələrini çatdırıblar.

Daha sonra mövzu ilə bağlı rayon gənclər və idman idarələrinin rəisləri çıxış edib, praktiki müzakirələr aparılıb və gəncləri maraqlandıran suallar cavablandırılıb.