Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Regional Mərkəzlərin əməkdaşları ilə onlayn görüş keçirib

01-05-2020 187 dəfə oxunub
Ombudsman Regional Mərkəzlərin əməkdaşları ilə onlayn görüş keçirib

Hazırda dünya miqyasında yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə strateji əhəmiyyətli prioritet məsələdir. Azərbaycanda da bu istiqamətdə Prezident İlham Əliyevin müvafiq göstərişləri  və tapşırıqları əsasında ardıcıl, məqsədyönlü, zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir. 

Ölkəmizdə Nazirlər Kabineti yanında Operativ Qərargahın vəziyyətə  uyğun qəbul edilən çevik qərarları əsasında xüsusi karantin rejimi tətbiq edilməkdədir. Karantin rejiminin tələblərinə müvafiq olaraq, mövcud qaydalar çərçivəsində və tövsiyələrə uyğun şəkildə Ombudsmanın  Aparatı və Regional Mərkəzlərində də sosial məsafənin saxlanması və özünütəcrid kimi izolyasiya tədbirlərinə riayət olunur, eyni zamanda, şəxslərin birbaşa qəbulu müvəqqəti olaraq dayandırılıb, müraciətlər telefon, faks, poçt, qaynar xətlər, email, sosial şəbəkələr vasitəsilə və elektron müraciət formasında qəbul olunur. 

Hazırkı vəziyyətin tələbləri nəzərə alınaraq, bu gün Ombudsman Səbinə Əliyeva, Aparatın müvafiq struktur bölmələrinin rəhbərləri və Regional Mərkəzlərin əməkdaşlarının iştirakı ilə təsisatın mövcud fəaliyyətinin qiymətləndirilməsi, qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə videokonfrans vasitəsilə görüş keçirilib. 

Onlayn görüşdə Ombudsmanın Aparatının, 35 rayonu əhatə edən Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzlərinin pandemiya dövründə fəaliyyəti, əhalinin müraciətlərinə baxılması məsələləri müzakirə edilib. Mövcud şəraitdə müraciətlərin hərtərəfli araşdırılması işinin daha da təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. Görüş zamanı pandemiya ilə mübarizə istiqamətində ölkədə əldə edilmiş müsbət dinamikanın qorunması və əhalinin hüquqlarının səmərəli müdafiəsi üçün Ombudsmanın Aparatı və Regional Mərkəzləri tərəfindən insanların həyat və sağlamlığının qorunması ilə bağlı əhali arasında maarifləndirmənin #BizBirlikdəGüclüyük, #EvdəQal çağırışlarına uyğun olaraq genişləndirilməsi məsələsi ətrafında da müzakirələr aparılıb. 

Ombudsman, həmçinin təsisatın gələcək fəaliyyət istiqamətlərinə dair müvafiq tapşırıq və tövsiyələrini verərək, pandemiya dövründə həssas əhali qruplarına xüsusi qayğı göstərilməsinin əhəmiyyətini bir daha diqqətə çatdırıb. Videokonfrans digər vacib məsələlərin müzakirəsi ilə yekunlaşıb.