Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyəti beynəlxalq tədbir iştirakçılarının diqqətinə çatdırılıb

11-04-2020 280 dəfə oxunub
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyəti beynəlxalq tədbir iştirakçılarının diqqətinə çatdırılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdirinin müavini- Beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsi tərəfindən təşkil olunmuş onlayn beynəlxalq görüşdə iştirak edib. Həmin tədbirdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının və digər beynəlxalq qurumların təmsilçiləri ilə yanaşı, Almaniya, Böyük Britaniya, Fransa, Bolqarıstan və s. ölkələrin milli insan hüquqları institutlarının nümayəndələri iştirak ediblər. Onlayn görüşün əsas məqsədi dünyada sürətlə yayılan, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilmiş yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə zamanı əlilliyi olan şəxslərin hüquqlarının səmərəli müdafiəsi istiqamətində qarşıya çıxan məsələlərin həlli yolları ilə bağlı təcrübə və fikir mübadiləsi aparmaq olub. 

İclasda çıxış edən Aparatın nümayəndəsi ilk öncə ölkəmizdə sözügedən virusun yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlərdən danışıb, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldığını, cari ilin 24 mart tarixindən xüsusi karantin rejimi tətbiq olunduğunu bildirib. Bununla yanaşı, ölkədə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldığı və Ombudsman təsisatı tərəfindən həmin fonda 30 min manat məbləğində ianə köçürüldüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

Karantin rejimi səbəbindən insanların canlı qəbulu müvəqqəti olaraq dayandırılsa da, şikayət və müraciətlərin telefon, faks, e-mail, poçt və təsisatın sosial media hesabları vasitəsilə qəbulunun davam etdiyi, həmçinin hər gün 24 saat fəaliyyət göstərən qaynar xətlərin vətəndaşların xidmətində olduğu qeyd olunub. Bildirilib ki, karantin rejimi elan olunduqdan sonra mütəmadi olaraq Müvəkkil Səbinə Əliyevanın virusdan qorunmaq məqsədilə müəyyənləşdirilmiş qaydalara ciddi şəkildə riayət etməyə çağıran bəyanat və müraciətləri qurumun rəsmi internet səhifəsində yayımlanmaqdadır. Bununla yanaşı, mövcud vəziyyətin şərtləri nəzərə alınaraq Müvəkkilin əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayan və aidiyyəti dövlət qurumlarına bir sıra təxirəsalınmaz tədbirlərin görülməsini tövsiyə edən xüsusi müraciətinin qurumun rəsmi internet səhifəsində yayımlandığı bildirilib. Qeyd olunub ki, sözügedən müraciətdə BMT-nin əlilliyi olan şəxslərin hüquqları üzrə xüsusi məruzəçisinin bu ilin mart ayında yayımladığı və bütün dünya ölkələrinə ünvanlanan bəyanatında qaldırdığı məsələlər də nəzərə alınıb.