Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının  nümayəndəsi Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin hesabat yığıncağında iştirak edib

29-02-2020 288 dəfə oxunub
Ombudsman Aparatının  nümayəndəsi Azərbaycan Gözdən  Əlillər Cəmiyyətinin hesabat yığıncağında iştirak edib

Bu günlərdə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin XVII Ümumi Yığıncağı keçirilib. Hesabat xarakteri daşıyan həmin yığıncaqda 2019-cu il ərzində görülmüş işlər diqqətə çatdırılıb və cari ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı müzakirə edilib. 

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvləri iştirak ediblər. 

Müvəkkilin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov çıxış edərək, tədbir iştirakçıları Ombudsman Səbinə Əliyevanın adından salamlayıb. O,ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, o cümlədən BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasında, “Dərc olunmuş əsərlərin görməyən, görmə imkanları məhdud və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”ndə, habelə milli qanunvericilik aktlarında təsbit olunmuş insan hüquq və azadlıqlarının təmini sahəsində görülən işlər, eyni zamanda, Ombudsman təsisatının əlilliyi olan şəxslərin hüquqlarının təbliği, təşviqi və müdafiəsi istiqamətindəki fəaliyyəti barədə iştirakçılara məlumat verib. 

Müvəkkil və onun  tapşırığı ilə Ombudsman Aparatının əməkdaşları tərəfindən ölkədə əlilliyi olan şəxslərin hüquqlarının təmini vəziyyətinin mütəmadi olaraq təhlil edildiyini, yeni qanunvericilik aktlarının, dövlət proqramları layihələrinin, habelə qüvvədə olan normativ hüquqi aktların təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlandığını deyən M.Mahmudov təsisata daxil olmuş ərizə və şikayətlərin obyektiv, hərtərəfli araşdırıldığını bildirib. O vurğulayıb ki,  bu qəbildən olan şəxslərin Ombudsman təsisatına əlçatanlığının təmin edilməsi məqsədilə inzibati binanın pilləkənlərində pandus quraşdırılıb, aidiyyəti dövlət qurumlarına bir sıra əhəmiyyətli təkliflər təqdim edilib və nəticələr nəzarətdə saxlanılır, bir çox hallarda həmin təkliflərdə əks olunmuş məsələlər öz müsbət həllini tapır. 

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri və digər çıxış edənlər Ombudsman təsisatının əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyətini yüksək qiymətləndiriblər.