Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşlarının USAID və  Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşü olub

27-02-2020 223 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşlarının USAID və  Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşü olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdirinin müavini- Beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli, Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndələri Mark Qoldenbaum, Aylin Loules, Pərviz Musayev, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Günel Mehdiyeva  ilə görüş keçiriblər.

Qonaqları Müvəkkilin adından salamlayan aparatın nümayəndəsi onlara Ombudsman təsisatının yaranma tarixi və Müvəkkilin çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının səmərəli müdafiəsi, eyni zamanda, insan alveri ilə mübarizə Müvəkkilin fəaliyyətində prioritet istiqamətlərindəndir. Görüşdə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının implementasiyası sahəsində Müvəkkilin fəaliyyəti haqqında məlumat verilib. İnsan alveri ilə mübarizə sahəsində Müvəkkilin təşəbbüsü ilə ölkənin paytaxt və regionlarında yerli icra strukturları, vətəndaş cəmiyyəti və media nümayəndələri ilə birgə həyata keçirilən maarifləndirmə tədbirlərindən danışan əməkdaşlar bu sahədə fəaliyyətin uğurla davam etdirildiyini qeyd ediblər.

Görüş zamanı qonaqlara, eyni zamanda, Müvəkkil tərəfindən BMT-nin İnsan Hüquqları Şurasına tədqim edilən bəyanatlar və saziş qurumlarına təqdim olunan əlavə hesabatlar barədə məlumat verilib. Qeyd olunub ki, təsisat həmçinin BMT tərəfindən akkreditasiya olunan Milli İnsan Hüquqları İnstitutu qismində BMT, Avropa Şurası və digər beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq əlaqələri qurub, qadın və uşaq hüquqlarının səmərəli müdafiəsi, eyni zamanda, insan alveri ilə mübarizə sahəsində beynəlxalq meyarların milli səviyyədə tətbiqi istiqamətində fəaliyyət həyata keçirir.  Bununla yanaşı, Müvəkkilin rəhbərliyi altında Milli Preventiv Qrupun üzvləri tərəfindən mütəmadi olaraq Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlama mərkəzlərinə keçirdikləri başçəkmələr çərçivəsində insan alverinin qarşısının alınması məqsədilə hüquqi maarifləndirmə işi aparıldığı vurğulanıb.

Görüş zamanı Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, bunun nəticəsində  bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşdüyü, onların fundamental hüquqlarının pozulduğu diqqətə çatdırılıb. İşğal altında saxlanılan Dağlıq Qarabağda və ətraf rayonlarda separatçı rejimin fəaliyyət göstərdiyi, bu səbəbdən həmin ərazilərdə insan alveri üçün münbit şəraitin mövcud olduğu vurğulanıb. Xocalıda baş verən soyqırımı ilə bağlı Müvəkkilin beynəlxalq qurumlara bəyanatlar ünvanladığı, işğal nəticəsində insan hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulması faktının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığı bildirilib.

Görüş zamanı qonaqların sualları cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.