Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb

26-02-2020 237 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının sədr müavinləri Geyl Mançin, Nadin Menza, beynəlxalq hüquq üzrə mütəxəssis Kirsten Leyvri, siyasi analitik Kili Bakkeni qəbul edib. Görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson və siyasi işlər üzrə müşaviri Vilyam Solley iştirak ediblər. 

Qonaqları salamlayan Müvəkkil Səbinə Əliyeva Ombudsman institutunun fəaliyyətinin əsas istiqamətləri və prioritetləri barədə ətraflı məlumat verib. O, diqqətə çatdırıb ki, rəhbərlik etdiyi təsisat ölkə Konstitusiyasına, milli qanunvericiliyə və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi, təbliği və bərpası istiqamətində ardıcıl, məqsədyönlü və çoxşaxəli fəaliyyət göstərir. 

Müvəkkil Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox azərbaycanlının fundamental insan hüquqlarının pozulduğunu qonaqların diqqətinə çatdırıb. Bu kateqoriyaya aid insanların hüquq və azadlıqlarının təmin olunmasının Ombudsmanın fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu deyən Səbinə Əliyeva eyni zamanda təcavüzkar erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı soyqırım və etnik təmizləmə siyasətinin qanlı səhifəsi olan Xocalı soyqırımının vandalizm nümunəsi olduğunu, bu gün Azərbaycan xalqının bu faciənin 28-ci il dönümünü qeyd etməklə, soyqırım qurbanlarının xatirəsini etiramla yad etdiklərini qonaqların diqqətinə çatdırıb. O, Xocalının işğalı zamanı insanların etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla öldürüldüklərini, işgəncələrə məruz qaldıqlarını, faciənin həm bəşəriyyət əleyhinə cinayət, həm də soyqırım faktı olduğunu vurğulayıb. 

Ombudsman, həmçinin Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxladığını xatırladıb. O, qeyd edib ki, ABŞ-ın həmsədr dövlət kimi təmsil olunduğu ATƏT-in Minsk qrupu başda olmaqla beynəlxalq təşkilatlar işğalçı Ermənistana qarşı təzyiqlər göstərməli, bu ölkə BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyə məcbur edilməlidir. 

Ombudsman təsisatının insan hüquqlarının müdafiəsində mühüm rola malik olduğunu deyən Müvəkkil rəhbərlik etdiyi qurumun əlçatan olduğunu, vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin, əcnəbilərin müraciətlərinin hərtərəfli, obyektiv araşdırıldığını və qanunun tələbləri əsasında müvafiq addımların atıldığını, bütövlükdə əhalinin bütün qruplarının hüquqlarının müdafiəsinin daim diqqət mərkəzində olduğunu qonaqların diqqətinə çatdırıb. 

Müvəkkil tolerantlıq nümunəsi olan Azərbaycanda dini etiqad azadlığının təmin olunduğunu, müxtəlif etnik və dini mənsubiyyətli şəxslərin ölkəmizdə sülh, əmin-amanlıq və əməkdaşlıq şəraitində yaşadıqlarını vurğulayıb. Respublikamızda din-dövlət münasibətlərinin nümunəvi xarakter daşıdığını deyən Ombudsman etiqad azadlığının qorunması istiqamətində fəaliyyətindən, maarifləndirici tədbirlərin həyata keçirilməsindən bəhs edib. 

Səbinə Əliyeva Müvəkkilin Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzlərinin milli azlıqların kompakt yaşadıqları yerlərdə fəaliyyət göstərdiyini, müraciətlərə operativ reaksiya verdiklərini, geniş maarifləndirmə fəaliyyəti həyata keçirdiklərini qonaqların diqqətinə çatdırıb. 

Səmimi qəbula görə Müvəkkilə minnətdarlıqlarını bildirən qonaqlar Ombudsman təsisatı ilə Beynəlxalq Din Azadlığı Komissiyası arasında əməkdaşlığın inkişafının mühüm əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.