Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının nümayəndəsi Beynəlxalq Qırmızı Əl Gününə həsr edilmiş tədbirdə iştirak edib

13-02-2020 183 dəfə oxunub
Ombudsman Aparatının nümayəndəsi Beynəlxalq Qırmızı Əl Gününə həsr edilmiş tədbirdə iştirak edib

Beynəlxalq Dialoq və İnkişaf Alyansı 12 fevral - Beynəlxalq Qırmızı Əl Gününə həsr olunmuş “Qırmızı əl günü”: Uşaqları qoruyaq! İşğala, Terrora, Zorakılığa son!” mövzusunda konfrans keçirib. Tədbirdə dövlət qurumlarının, ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının şöbə müdiri Faiq Ağayev Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib, ölkəmizin 1992-ci ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokoluna qoşulduğunu, həmin beynəlxalq sənədlərin silahlı münaqişələrin uşaqlara fəlakətli və genişmiqyaslı təsirini,  münaqişə şəraitində qəsd, həmçinin beynəlxalq hüquqa uyğun olaraq mühafizə olunan obyektlərə, o cümlədən uşaq olan yerlərə bilavasitə hücumları pislədiyini söyləyib.  O, Ermənistanın ölkəmizə təcavüzü zamanı çoxlu sayda insanların, o cümlədən uşaqların vəhşicəsinə qətlə yetirildiyini, bu günədək girovluqda saxlanıldığını, atəşkəs elan olunmasına baxmayaraq, sərhəd bölgələrində mülki şəxslərin, xüsusilə də uşaqların snayper gülləsi ilə  öldürüldüyünü bildirib. Bu il 28-ci ildönümünü qeyd edəcəyəmiz Xocalı soyqırımı zamanı 63 uşağın amansızca öldürüldüyü, 25 uşağın hər iki valideynini itirdiyi, 26 uşağın taleyinin indiyə qədər məlum olmadığı diqqətə çatdırılıb. 

Vurğulanıb ki, Müvəkkilin təşəbbüsü ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində “Biz sülh elçisiyik! Bizə qoşulun!” devizi ilə ölkəmizin müxtəlif guşələrində yaşayan və təhsil alan 310 mindən artıq məktəblinin, o cümlədən qaçqın və məcburi köçkün uşaqların imzaları toplanıb və Xarici İşlər Nazirliyinin dəstəyi ilə BMT Baş katibinin müavini, “Uşaqlar və silahlı münaqişələr” problemi üzrə xüsusi nümayəndəsinə göndərilib.

Ombudsmanın Azərbaycan həqiqətləri, o cümlədən Xocalı soyqırımı ilə yanaşı, Ağdam, Tovuz və Füzulidə ermənilər tərəfindən qətlə yetirilmiş uşaqlar - Fariz Bədəlovun, Aygün Şahmalıyevanın, Zəhra Quliyevanın öldürülməsi ilə əlaqədar müraciət və bəyanatlarının beynəlxalq təşkilatlara, bütövlükdə dünya ictimaiyyətinə çatdırıldığı bildirilib.