Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Könüllülər Ombudsman Aparatında fəaliyyətə başlayıblar

08-01-2020 242 dəfə oxunub
Könüllülər Ombudsman Aparatında fəaliyyətə başlayıblar

Ölkəmizdə gənclərin müxtəlif sahələrdə fəal iştirakına geniş imkanlar yaratmaqla onların kreativ və innovativ potensialından səmərəli istifadə etmək, eləcə də könüllülük hərəkatını inkişaf etdirmək mühüm strateji prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə hüquqi baza və ictimai mühit formalaşdırılıb, kompleks xarakterli, ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi isə bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Son zamanlar müxtəlif qurumlara könüllülərin cəlb olunması prosesinə başlanılması Azərbaycanda könüllülük hərəkatının inkişafına əlavə təkan verib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı da “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu nəzərə almaqla gənclər arasında könüllülük fəaliyyətini tətbiq etməyə başlayıb. Ombudsman Aparatı bir müddət əvvəl ali təhsilli gəncləri könüllü fəaliyyətə dəvət edib və könüllülər artıq təsisatda  fəaliyyət göstərməyə başlayıblar. Onların fəaliyyəti Aparatın şöbə və sektorlarında təcrübə keçmək, Müvəkkilin ünvanına daxil olan müraciətlərə baxılması prosesində iştirak etmək, bu müraciətlərlə əlaqədar dövlət və yerli özünüidarə orqanlarına, vəzifəli şəxslərə göndərilən sorğularla, insan hüquqları sahəsində milli qanunvericilik bazası və beynəlxalq hüquqi aktlarla, habelə kitabxanadakı hüquq ədəbiyyatları ilə, ərizə və şikayətlərin öyrənilməsi vasitəsilə ölkə Konstitusiyasında təsbit edilmiş insan hüquq və azadlıqlarının müdafiə mexanizmi, habelə Müvəkkil tərəfindən Konstitusiya Məhkəməsinə göndərilən sorğularla, Ombudsmanın əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və təşviqi sahəsindəki, eləcə də işgəncə əleyhinə milli preventiv mexanizm funksiyalarının icrası sahəsindəki fəaliyyəti, illik məruzələri ilə tanış olmaq və digər istiqamətləri əhatə edir. 

Qeyd edək ki, könüllülük fəaliyyəti 2 ay müddəti üçün nəzərdə tutulub. Bu müddət ərzində müqavilə öhdəliklərini uğurla yerinə yetirən gənclərin hər birinə Ombudsman Aparatı tərəfindən xüsusi sertifikatlar veriləcək.