Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzinə başçəkmə həyata keçirilib

27-01-2020 231 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzinə başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlama Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmənin məqsədi müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, inzibati həbs olunanların hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ üzvləri tərəfindən müəssisədə saxlanma şəraiti, tibbi yardımın təşkili, qidalanma, habelə görüş, telefon danışığı, sovqat qəbulu, gəzinti ilə bağlı hüquqların təmini vəziyyəti və sənədləşmə araşdırılıb, bir sıra müraciətlər yerində təmin olunub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı burada saxlanılan bir sıra şəxslər, o cümlədən Zamin Salayev qəbul edilərək konfidensial qaydada dinlənilib, şikayəti qəbul olunub. Z. Salayev DİN-nin Hospitalında tibbi müayinələrdən keçirilib, ailə üzvü ilə görüşü təmin edilib. Müəssisədə onun hüquqlarının həyata keçirilməsi ilə bağlı çətinlik yoxdur.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, müvafiq tövsiyələr verilib.

 Başçəkmənin yekunu və qaldırılan məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunub.