Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Penitensiar Xidmətin Müalicə Müəssisəsinə baş çəkib

25-01-2020 233 dəfə oxunub
Ombudsman Penitensiar Xidmətin Müalicə Müəssisəsinə baş çəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmənin məqsədi bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin, habelə daxil olmuş müraciətlərin araşdırılmasından ibarət olub.

Başçəkmə çərçivəsində Ombudsman müəssisənin müalicə korpuslarına və şöbələrinə, palatalara baxış keçirib, xəstələrin vəziyyəti ilə maraqlanıb, onları fərdi dinləyib, saxlanma şəraiti, tibbi yardımın təşkili, dərman təminatı, qidalanma, sovqat, gəzinti, görüş, telefon danışıqları ilə bağlı mövcud vəziyyəti araşdırıb. 

Ombudsman tərəfindən başçəkmə zamanırəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə bir çox məhkum təsadüfi seçim əsasında konfidensial qaydada qəbul edilib, saxlanılma şəraiti, müalicə, tibbi yardım, görüş və digər məsələlər öyrənilib, yerində həlli mümkün olan bir çox müraciətlər təmin olunub. 

Fərdi qəbul və görüş zamanı qaldırılan məsələlər araşdırılıb, bir sıra təqsirləndirilən şəxslər və məhkumlar barələrindəki istintaq və məhkəmə icraatından şikayətləniblər. Qəbul edilmiş hər bir şəxsə hüquqi məsləhətlər verilib, Ombudsmana ünvanlanmış müraciətlər qəbul olunub.

Milli Preventiv Qrupunun nümayəndələrinin, o cümlədən ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası vəziyyəti də araşdırılıb. Müəssisədə effektiv psixoloji və sosial xidmətlərin təşkilinə ehtiyac vardır.

Yekunda Müvəkkil tərəfindən müəssisə rəhbərliyi, həkim personalı və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Avropa Penitensiar Qaydalarına müvafiq şəkildə tibbi xidmətin əlçatanlığının effektiv təmininə nəzarətin gücləndirilməsi, müəssisəyə qəbul məsələləri ilə bağlı müraciətlərdə yer alan çətinliklərin aradan qaldırılması və saxlanma şəraitinin təkmilləşdirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib.