Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ilə görüşüb

10-01-2020 183 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov  ilə görüşüb

10 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.

Qonağı salamlayan Müvəkkil Ombudsman institutunun  əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, paytaxt və regionlarda keçirilən görüşlər çərçivəsində əhalinin qəbul edildiyini, onların qaldırdıqları məsələlərin həlli üzrə müvafiq dövlət qurumları ilə birgə işlər görüldüyünü, işgəncələrin qarşısının alınması və uşaq hüquqları ilə bağlı 24 saat fasiləsiz işləyən qaynar xətlərə daxil olan müraciətlərlə bağlı operativ tədbirlər həyata keçirildiyini və əldə edilən nəticələrin Müvəkkilin illik məruzələrində əks etdirildiyini bildirib.

Müvəkkil ölkə daxilində olan əcnəbi, vətəndaşlığı olmayan və sığınacaq axtaran şəxslərlə yanaşı, ölkədən gedən Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının təmini və bərpası məsələlərinin daim diqqətdə saxlanıldığını, bu məqsədlə xarici dövlətlərin, o cümlədən Rusiya Federasiyası və onun subyektlərinin ombudsmanları ilə, habelə müvafiq diplomatik nümayəndəliklərlə əməkdaşlığın möhkəmləndiyini və birgə görülmüş işlər nəticəsində əldə edilən müsbət təcrübə barədə danışıb. O, bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsi və daha yüksək nəticələrin əldə edilməsi məqsədilə yerli icmalar və QHT-lərin rolunun artırılmasının vacibliyini vurğulayıb.

Ombudsman Rusiya-Azərbaycan arasında ikitərəfli strateji əməkdaşlığın bütün sahələrdə olduğu kimi insan hüquqları sahəsində də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili ilə qurulan sıx əməkdaşlıq çərçivəsində Azərbaycan vətəndaşlarının Rusiya ərazisində, Rusiya vətəndaşlarının isə ölkəmizin ərazisində hüquq və azadlıqlarının təmin edilməsi, o cümlədən şəxslərin öz iradələri ilə tərk edə bilmədikləri yerlərdə saxlanılanların vəziyyətinin müntəzəm araşdırılması, yerlərdə birgə görüş keçirilməsi və məsləhətləşmələr aparılması, deportasiya, yaxud ekstradisiya olunan şəxslərə Ombudsmanların səlahiyyətləri daxilində yardım göstərilməsi istiqamətində səmərəli fəaliyyət mexanizmi formalaşdırıldığı vurğulanıb. Bundan başqa, Azərbaycan Ombudsmanının Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkilinə müraciətindən sonra “ailə birləşməsi” beynəlxalq prinsip və qanunvericilikdə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınaraq, həmin ölkədə yaşayan azərbaycanlılar barəsində ölkə hüdudlarından məcburi kənara çıxarılma və girişə məhdudiyyət qoyulması haqqında bir neçə qərarlara yenidən baxılıb və həmin şəxslərin xeyrinə müvafiq qərarlar qəbul edilib. Eyni zamanda, Rusiyanın Azərbaycandakı səfirliyi ilə davam etdirilən əməkdaşlıq çərçivəsində ölkəmizin ərazisində qeyri-müəyyən vəziyyətdə yaşayan, xüsusilə uşaq və ahıl yaşlı olan Rusiya vətəndaşlarının sənədləşmə və digər problemlərinin həllinə nail olunub. 

Səmimi qəbula görə təşəkkürü bildirən səfir görüşün səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Mixail Boçarnikov strateji tərəfdaşlıq xarakteri daşıyan və müxtəlif sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətlərinin dinamik inkişafının məmnunluq doğurduğunu ifadə edib. O, iki ölkənin prezidentləri, eyni zamanda, tanınmış şəxsləri arasında etimada əsaslanan dostluq münasibətlərinin Rusiya-Azərbaycan əlaqələrinin inkişafına xüsusi töhfə verdiyini diqqətə çatdırıb. 

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.