Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında tədbir keçirib

30-12-2019 574 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında tədbir keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzi tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında tədbir keçirilib. 

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov təcridxanada saxlanılan qadın təqsirləndirilən şəxslərə Müvəkkil Səbinə Əliyevanın salamlarını və xoş arzularını çatdıraraq onları qarşıdan gələn hər iki bayram münasibətilə təbrik edib. 

Bildirilib ki, Ombudsman həbs və ya məhkum edilmiş şəxslərin, o cümlədən qadınların hüquqlarının qorunması və təmini məsələsinə xüsusi diqqət yetirir. Səbinə Əliyeva Ombudsman kimi penitensiar müəssisələrdə ilk görüşünü məhz qadın məhkumların cəza çəkdikləri 4 saylı müəssisədə keçirib.

Humanizm siyasətinə uyğun olaraq dövlət başçısı İlham Əliyevin mütəmadi Əfv sərəncamları imzaladığı, ölkəmizdə amnistiya aktlarının qəbul olunduğu tədbirdə diqqətə çatdırılıb. 

S.Abbasov Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamının və 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının əhəmiyyətindən bəhs edərək, ölkədə mühüm hüquqi islahatların aparıldığını deyib. 

O, Ombudsmanın səlahiyyətləri, Milli Preventiv Mexanizm olaraq fəaliyyət istiqamətləri, müraciət imkanları, qaynar xətləri haqqında məlumat verib, ona ünvanlanan sualları cavablandırıb.

Saxlanılan şəxslər onların hüquqlarının müdafiəsini diqqətdə saxladığına, vəziyyətləri ilə yaxından maraqlandığına görə Ombudsman Səbinə Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Görüşdə Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən tədbir iştirakçılarına bayram hədiyyəsi təqdim olunub.