Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb

28-12-2019 580 dəfə oxunub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev ilə görüşüb.

Qonağı salamlayan Müvəkkil Ombudsman institutunun miqrantların hüquqlarının təbliği, təmini və müdafiəsi sahəsindəki fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Ombudsman diqqətə çatdırıb ki, miqrantların müraciətləri mütəmadi olaraq operativ araşdırılır, bu istiqamətdə müvafiq dövlət qurumları ilə intensiv təmaslar və koordinasiyalı əməkdaşlıq davam etdirilir. Səbinə Əliyeva xarici ölkələrdə yaşayan soydaşlarımızın üzləşdikləri problemlərin həllinin də daim diqqətdə saxlanıldığını bildirib. O qeyd edib ki, bu istiqamətdə yerlərdə görüş və məsləhətləşmələrin keçirilməsi, qanuni miqrasiyanın təbliği və digər tədbirlər davamlı xarakter daşıyır. 

Vladimir  Qyorqiyev Səbinə Əliyevanı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, iki qurum arasında əməkdaşlığın genişləndirilməsinin önəmli olduğunu bildirib. O, təmsil etdiyi təşkilatın Azərbaycanda məcburi köçkün və miqrantların hüquqlarının təmini sahəsində həyata keçirdiyi layihələr barədə danışıb. 

Görüşdə informasiya mübadiləsinin önəmindən bəhs edilib, həmçinin  qeyri-leqal miqrasiyanın hər bir ölkənin təhlükəsizliyinə birbaşa təsir etməsini nəzərə alaraq, ölkə ərazisinə daxil olan əcnəbilərə sərhəd idarəçiliyi və immiqrasiya sahəsində milli qanunvericiliyə, mövcud beynəlxalq standartlara uyğun xidmət göstərilməsinin əhəmiyyəti, sığınacaqla bağlı müraciətlərin hərtərəfli araşdırılması kimi məsələlər müzakirə edilib.

Eyni zamanda, qanunsuz miqrantların saxlanma mərkəzlərinə yerləşdirilən şəxslərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün sosial tədbirlərin təşkil edilməsi, Dayanıqlı İnkişaf Məqsədləri ilə yanaşı, miqrasiya sahəsində qəbul edilmiş “Nizamlı, təhlükəsiz və tənzimlənən miqrasiya üzrə qlobal kompakt”, “Qaçqınlar üzrə qlobal Kompakt” və digər beynəlxalq sənədlərin həyata keçirilməsi üzrə əməkdaşlığın gücləndirilməsi, birgə icra edilən layihələr çərçivəsində ölkəmizdəki qaçqınların, məcburi köçkünlərin, əcnəbi, vətəndaşlığı olmayan və sığınacaq axtaran şəxslərin hüquqlarının milli və beynəlxalq qanunvericiliyə uyğun təmini və təşviqi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq təkliflər irəli sürülüb.

V.Qyorqiyev Ombudsmanın qaldırdığı məsələlər üzrə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını, eyni zamanda, görüşdə səsləndirilən təkliflərin gələcək əməkdaşlıq çərçivəsində nəzərə alına biləcəyini söyləyib.