Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib

25-12-2019 535 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib. 

Görüşdə Ombudsman UNICEF-lə səmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, birgə tədbirlərin, uşaq hüquqları, o cümlədən qaçqın və məcburi köçkün uşaqların hüquqları üzrə mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, gələcək əməkdaşlığın yeni müstəvidə davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. 

Ombudsman uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən işlərdən, uşaq hüquqlarının tədrisi və monitorinqi sahəsində formalaşdırılmış təcrübədən, maarifləndirici nəşrlərin hazırlanmasından, əlilliyi olan uşaqların hüquqlarının qorunmasından, habelə Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya üzrə müstəqil monitorinq mexanizmi olaraq müvafiq fəaliyyətdən, bu sahədə gələcək əməkdaşlıq imkanlarından danışıb.

Görüşdə Ombudsman təsisatı ilə UNICEF arasında imzalanmış birgə fəaliyyət planı çərçivəsində Uşaq Hüquqları Konvensiyasının müddəalarına, habelə BMT-nin müvafiq saziş qurumunun verdiyi tövsiyələrə əsaslanmaqla regionlarda uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan dövlət qurumlarının, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarının ehtiyacların qiymətləndirilməsi və təlimlər vasitəsilə bacarıqlarının artırılması sahəsində tədbirlərin, habelə vətəndaş cəmiyyəti təsisatlarının və yerli icmaların hüquqi maarifləndirmə işinin davam etdirildiyi, tədris vəsaitlərinin çap olunaraq yayıldığı, dövlət uşaq müəssisələrində birgə monitorinqlərin  aparıldığı qeyd olunub.

Bunlarla yanaşı, dövlət uşaq müəssisələrində yaşayan uşaqların buraya düşmə səbəblərinin araşdırılması, onların və ailələrinin dəstəklənməsi istiqamətində aidiyyəti qurumların imkanlarının sistemləşdirilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsi, əlilliyi olan uşaqlarla bağlı hesabatlılığın inkişaf etdirilməsi, müxtəlif səbəblərdən qeyri-hökumət təşkilatlarının sığınacaqlarında məskunlaşmış uşaqların vəziyyətinin və həmin müəssisələrin birgə monitorinqinin aparılması, regionlarda tematik mövzular ətrafında, o cümlədən uşaqlara qarşı zorakılığının qarşısının alınması ilə bağlı birgə ictimai dinləmə və müzakirələrin keçirilməsinin əhəmiyyəti və digər bu kimi məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb, müvafiq təkliflər səsləndirilib.

Ombudsman Səbinə Əliyeva hər iki valideynini itirmiş azərbaycanlı uşaqların Suriyada məhrumiyyətlərlə üzləşərək çətin vəziyyətdə qaldıqlarını, onların pozulmuş hüquqlarının bərpasının və qısa müddət ərzində öz ölkələrinə gətirilməsinin vacibliyini, bu məsələdə UNICEF-in dəstək göstərməsinin əhəmiyyətli olacağını qonağın diqqətinə çatdırıb. UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin isə qurumun bu məsələni nəzarətə götürərək bəhs olunan ölkədəki nümayəndəliyə məlumat verəcəyini, təşkilatın öz imkanlarını səfərbər edərək yardımçı olacağını bildirib. 

Yekunda qonaq səmimi qəbula və əhatəli fikir mübadiləsinə görə öz minnətdarlığını bildirib, müxtəlif istiqamətləri əhatə edən əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu diqqətə çatdırıb.