Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və əməkdaşları bələdiyyə seçkilərini müşahidə ediblər

24-12-2019 537 dəfə oxunub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və əməkdaşları bələdiyyə seçkilərini müşahidə ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının fəaliyyətinin əsas istiqamətlərindən biri vətəndaşların seçki hüququnun təmin və müdafiə edilməsindən ibarətdir. 

23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Aparatın və Ombudsmanın Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzlərinin əməkdaşları paytaxtda, eləcə də ölkənin 49 şəhər və rayonunun 73 seçki dairəsi üzrə 518 seçki məntəqəsində, o cümlədən hərbi hissələr və penitensiar müəssisələrdə bələdiyyə seçkilərini müşahidə ediblər.

Ombudsman paytaxtın rayonlarında bir sıra seçki dairələri üzrə seçki məntəqələrində, o cümlədən Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində təşkil olunmuş məntəqədə səsvermə prosesini izləyib. O, müasir avadanlıqlar, informasiya-kommunikasiya texnologiyaları, veb-kameralar ilə təchiz olunmuş 13 saylı Xəzər-Pirallahı və 34 saylı Xətai ikinci dairə seçki komissiyalarının inzibati binalarında olub, komissiya sədrləri və üzvləri ilə görüşüb, seçkilərlə əlaqədar ümumi vəziyyəti öyrənib, öz təklif və tövsiyələrini verib. Ombudsman Səbinə Əliyeva məntəqə seçki komissiyalarının üzvləri, habelə müşahidəçilər və seçicilərlə də görüşüb, səsvermə prosesi ilə bağlı müvafiq məlumatlar alıb.

Eləcə də, respublikanın müxtəlif bölgələrində bu prosesdə müşahidəçi qismində iştirak edən Omudsman Aparatının əməkdaşlarından hər saatın tamamında məlumatlar qəbul edilib, seçki prosesi və seçicilərin hüquqlarının təmini ilə bağlı vəziyyət nəzarətdə saxlanılıb.

Siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını təmsil edən, eyni zamanda bitərəf müşahidəçilərin bir-birinə qarşılıqlı hörmət şəraitində bu prosesdə iştirak etdikləri, öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetirdikləri müşahidə olunub. Müşahidə prosesi müddətində hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilə hallarına rast gəlinməyib. 

Vətəndaşların seçki hüquqları təmin olunub, o cümlədən əlilliyi olan, yaşlı və müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslər üçün seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı uyğun şərait yaradılıb. Seçicilərin yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün seçki məntəqələrinin “çip oxuyan” cihazlarla təmin edildiyi, bir çox məntəqələrdə MSK tərəfindən veb-kameralar quraşdırıldığı, seçkilərin izlənilməsi üçün real şərait yaradıldığı müşahidə olunub.

Eyni zamanda seçkilərin nəticələrinə təsir etməyən bəzi hallar müşahidə olunub ki, həmin məsələlərin yerində məntəqə sədrinə müraciət edilməklə aradan qaldırılması təmin edilib, dairə seçki komissiyaları bu barədə məlumatlandırılıb.

Seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına və qaynar xəttinə hər hansı müraciət daxil olmayıb.

Bələdiyyə seçkiləri ölkə Konstitusiyasına, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilib. Bu isə Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu, insan hüquqlarının təmin edilməsi, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğunu bir daha təsdiq edir.