Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı ali təhsilli gəncləri könüllü fəaliyyətə dəvət edir

24-12-2019 753 dəfə oxunub
Ombudsman Aparatı ali təhsilli gəncləri könüllü fəaliyyətə dəvət edir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dövlət orqanları qarşısında qoyduğu strateji xarakterli vəzifələrdən biri gənclərin potensialından səmərəli istifadə etmək, cəmiyyət həyatının bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Bu məqsədlər, eləcə də gənclərin təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək vəzifələri Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında öz əksini tapıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu nəzərə almaqla, gənclər arasında könüllülük fəaliyyətini təsisatda tətbiq etməyə başlayır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı xatırladır ki, könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.

 

Ombudsman Aparatında könüllü fəaliyyət aşağıdakı istiqamətlər üzrə təşkil olunur:


 

  • Aparatın şöbə və sektorlarında təcrübə keçmək;
  • İnsan hüquqları sahəsində milli qanunvericilik bazası və beynəlxalq hüquqi aktlarla, habelə kitabxanadakı hüquq ədəbiyyatları ilə tanış olmaq;
  • Müvəkkilin ünvanına daxil olan müraciətlərə baxılması prosesində iştirak etmək;
  • Ərizəçilərin qəbulunda bilavasitə iştirak etmək;
  • Ərizə və şikayətlərin öyrənilməsi vasitəsilə ölkə Konstitusiyasında təsbit edilmiş insan hüquq və azadlıqlarının müdafiə mexanizmi ilə yaxından tanış olmaq;
  • Müvəkkilin ünvanına daxil olmuş müraciətlərlə əlaqədar dövlət və yerli özünüidarə orqanlarına, vəzifəli şəxslərə göndərilən sorğularla tanış olmaq;
  • Müvəkkil tərəfindən Konstitusiya Məhkəməsinə göndərilən sorğularla tanış olmaq;
  • Müvəkkilin əhalinin müxtəlif sosial qruplarının (uşaqlar, əlilliyi olan şəxslər, qadınlar, ahıllar, qaçqın, məcburi köçkün və miqrantlar, hərbi qulluqçular, həbsdə saxlanılan şəxslər və məhkumlar) hüquqlarının müdafiəsi və təşviqi sahəsindəki fəaliyyəti ilə tanış olmaq;
  • Müvəkkilin hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr sahəsindəki fəaliyyəti ilə tanış olmaq;
  • Ombudsman Aparatında qanunvericiliyin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi ilə bağlı hazırlanan təkliflərlə tanış olmaq;
  • Müvəkkilin illik məruzələri ilə tanış olmaq;
  • Müvəkkilin işgəncə əleyhinə milli preventiv mexanizm funksiyalarının icrası sahəsindəki fəaliyyəti ilə tanış olmaq;
  • Cəlb olunduğu sahənin fəaliyyət istiqamətləri üzrə vəzifələrin icrasında işçilərə köməklik göstərmək.


Könüllülük fəaliyyəti 2 ay müddəti üçün nəzərdə tutulub.

 

Könüllü kimi 2 ay müddətində fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Ombudsman Aparatı tərəfindən xüsusi sertifikatlar veriləcək.

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında könüllülər sırasına qoşulmaq istəyən gənclər mövzu hissəsində “Könüllü proqramı” göstərməklə öz tərcümeyi-hallarını (CV) g_rahimova@ombudsman.gov.az ünvanına göndərə bilərlər.

Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət ediləcəklər.

Əlavə məlumat üçün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Gülnar Rəhimova ilə (012) 493-32-01 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.