Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı silsilə tədbirlərdə iştirak edir

10-12-2019 521 dəfə oxunub
Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı silsilə tədbirlərdə iştirak edir

Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin təbliğinə dəstək İctimai Birliyi tərəfindən hazırlanmış “Ölüm hökmü-ömürlük cəza” sənədli filminin təqdimat mərasimi keçirilib. 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxışında 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Tədbirin əhəmiyyətindən bəhs edən Ombudsman  Ulu Öndər Heydər Əliyev tərəfindən ictimai həyatın bütün sahələrində olduğu kimi, insan hüquq və azadlıqlarının təmini, hüquq sisteminin təkmilləşdirilməsi, o cümlədən cəza-icra siyasəti sahəsində kompleks siyasətin əsasının qoyulduğunu diqqətə çatdırıb. Ümummilli Liderin humanizm siyasəti nəticəsində 128 nəfər barəsində ölüm hökmünün icrasına moratorium qoyulmasının, daha sonra bu cəza növünün  ləğv edilməsinin önəmindən bəhs olunub. Bildirilib ki, bu qərarlar insana və onun hüquqlarına verilən dəyərin göstəricisidir. 

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət idarəçiliyinin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlərin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması və səmərəli idarəetmənin təşkili, çoxsaylı əfv təşəbbüsləri Ombudsman tərəfindən xüsusi diqqətə çatdırılıb. 

Ombudsman hüquqpozmalarla bağlı səbəb və şəraitin öyrənilməsi, çəkindirici, preventiv tədbirlərin həyata keçirilməsi işinin genişləndirilməsi və bunun hər bir qurumun fəaliyyətində prioritet olmasını  qeyd edib.

Ombudsman Səbinə Əliyeva çıxışının yekununda ictimai əhəmiyyət kəsb edən filmin hazırlanmasına dəstək vermiş hər kəsə təşəkkürünü bildirib, dövlət qurumlarını, vətəndaş cəmiyyəti təsisatlarını əməkdaşlığa dəvət edərək birgə görüləcək işlərin insan hüquqlarının etibarlı təmininə, ölkəmizdə həyata keçirilən islahatlara mühüm töhfə verəcəyini vurğulayıb.