Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminarda iştirak edib

07-12-2019 559 dəfə oxunub
Ombudsman “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminarda iştirak edib

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar keçirilib.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, ÜƏMT-nin Hüquq İnstitutunun nümayəndəsi xanım Nahal Zebarcadi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov mövzu üzrə çıxış ediblər.

Ombudsman çıxışında ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrasının ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli təmin olunmasına mühüm töhfələr verdiyini qeyd edib. O, Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsində təsbit olunan əqli mülkiyyət hüququnun təmin olunması məqsədilə ölkəmizdə həm qanunvericilik sahəsində, həm də onların icrası istiqamətində mühüm işlər görüldüyünü bildirib.

S.Əliyeva vurğulayıb ki, əqli mülkiyyət hüququnun müdafiəsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların qarşısının alınması Ombudsmanın fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bu hüquqların pozulmasının əqli mülkiyyət hüququ sahibləri ilə yanaşı, istehlakçıların hüquqlarının pozulmasına və cəmiyyətin inkişafına da mənfi təsir göstərdiyi qeyd edilib.

Ombudsman çıxışının sonunda hər kəsi insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığa dəvət edib.

Seminar digər iştirakçıların məruzələri ilə davam etdirilib.