Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı BMT-nin Biznes və İnsan Hüquqları üzrə Forumunun 8-ci sessiyasında iştirak edib

28-11-2019 486 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı BMT-nin Biznes və İnsan Hüquqları üzrə Forumunun 8-ci sessiyasında iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı, Biznes və İnsan Hüquqları üzrə ixtisaslaşmış müşavir Rəşad Novruzov 25-27 noyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Biznes və İnsan Hüquqları üzrə Forumunun 8-ci sessiyasında iştirak edib. 

Dövlət, QHT və biznes qurumlarının 2000-dən çox nümayəndəsinin və ekspertlərinin iştirakı ilə keçirilən Forumu açıq elan edən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı xanım Mişel Başele, İnsan Hüquqları Şurasının Vitse-prezidenti xanım Vesna Batistic-Koc və BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun rəhbəri xanım Elzbieta Karska gündəlikdə duran məsələlər barəsində məlumat verib. 

Beynəlxalq tədbirdə dövlətlərin biznes qurumları tərəfindən pozulmuş insan hüquqlarının müvafiq siyasət, tənzimləmə və hüquq müdafiə vasitələrinin tətbiqi üsulu ilə müdafiəsini, korporativ sosial məsuliyyəti, habelə pozuntu hallarında effektiv hüquqi müdafiə vasitələrinə çatımın təmin edilməsini nəzərdə tutan “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplər”in milli qanunvericiliyə implementasiyası və bu sahədə müvafiq milli fəaliyyət proqramının hazırlanaraq icrasının təmin edilməsi məsələləri müzakirə edilib. 

Forumun müxtəlif sessiyalarında biznes və insan hüquqları kontekstində dövlətlərin, biznes qurumlarının, QHT-lərin və icmaların uşaq əməyi ilə mübarizədə rolu, gender, insan alveri, ətraf mühitin mühafizəsi məsələləri, korporativ sosial məsuliyyət sahəsində üzv dövlətlərin təcrübəsi və milli insan hüquqları təsisatlarının bu sahədə fəaliyyəti barədə təcrübə mübadiləsi aparılıb. 

Ombudsman Aparatının əməkdaşı Forumun müvafiq sessiyasında çıxış edərək ölkə Prezidenti tərəfindən aparılan islahatların respublikamızda qeyri-neft sektorunun uğurla inkişaf etməsinə, ənənəvi istehsalat sahələrinin canlanmasına, yeni sənaye parklarının yaradılması ilə ölkə iqtisadiyyatının ixrac və rəqabət potensialının artırılmasına, ətraf rayonlarda məşğulluğun təmin edilməsinə, investisiyaların və müasir texnologiyaların cəlb edilməsinə şərait yaratdığını bildirib. 

O, aparılan hüquqi islahatlarla vergi qanunvericliyinə əhəmiyyətli əlavə və dəyişikliklərin edildiyini, maliyyə-bank sistemində fiziki şəxslərə münasibətdə güzəştlərin tətbiq olunduğunu, müvafiq kompensasiyaların ödənildiyini, tikinti və şəhərsalma fəaliyyətinə dövlət nəzarətinin mərkəzləşdirilməklə gücləndirildiyini, prosedur qaydalarının sadələşdirildiyini, istehlakçıların hüquqlarının daha səmərəli müdafiəsi və qida məhsullarına dövlət nəzarətinin artırılması, idxal və ixrac proseslərinin idarə olunmasının mərkəzləşdirilməsinə nail olmaq məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyinin yaradıldığını və bu kimi bir çox sahələrdə əsaslı dəyişiklərin baş verdiyini qeyd edib. 

Ombudsmanın BMT-nin ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, o cümlədən, Beynəlxalq və regional ombudsman institutları, beynəlxalq QHT-lər və şəbəkələr ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğu, o cümlədən, Aİ-nin Tvinninq və TAİEX layihələrinin, həmçinin Şərq Tərəfdaşlığı kimi proqrqamların da iştirakçısı olduğu diqqətə çatdırlıb.

R.Novruzov, Müvəkkilin bu sahədə fəaliyyətini şikayətlərin araşdırılması, elmi-analitik fəaliyyət və hüquqi maarifləndirmə istiqamətləri üzrə uğurla davam etdirdiyini, qeyd olunan sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi, beynəlxalq sənədlərin öyrənilməsi və implementasiyası, qanunvericiliyin təkmilləşdirilməsi, marifləndirmə işinin səmərəli təşkili məqsədi ilə Ombudsman yanında Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupun təsis edildiyini, 20-dən çox dövlət qurumu və QHT nümayəndələrinin həmin qrupda təmsil olunduqlarını bildirib.

İşçi Qrup tərəfindən hazırkı vaxtadək müxtəlif əhali qruplarının maraqlarını və aktual mövzuları əhatə edən 19 dəyirmi masa təşkil olunduğu, tədbirlərdə səsləndirilən təkliflərin ümumiləşdirilərək aidiyyəti qurumlara göndərildiyi, Müvəkkilin illik məruzələrinə daxil edilərək daha geniş şəkildə ictimaiyyətin diqqətinə çatdırıldığı, bir sıra təkliflərin normativ-hüquqi aktlara edilən dəyişikliklərdə, qəbul edilən yeni dövlət proqramlarında nəzərə alındığı qeyd olunub.  

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin implementasiyası, o cümlədən uşaq hüquqlarının müdafiəsi, gender, əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi, ətraf mühitin mühafizəsi məsələlərinin İşçi Qrupun fəaliyyətinin əsas istiqamətlərindən olduğu, Ombudsman Aparatının əməkdaşlarının Dayanıqlı İnkişaf üzrə Əlaqələndirmə Şurasının üç işçi qrupunda təmsil olunaraq, müzakirələrdə müvafiq təklifləri təqdim etdiyi, ölkə üzrə könüllü hesabatların hazırlanmasında digər aidiyyəti dövlət qurumları və QHT-lərlə birgə fəal iştirak etdikləri sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Müvəkkilin təşəbbüsü ilə Biznes və İnsan hüquqları sahəsində beynəlxalq sənədlər öyrənildiyi, BMT-nin “Qlobal Saazişi”nin, “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri”nin, o cümlədən bu sənədin şərhinin, “Edinburq Bəyannaməsi” kimi mühüm sənədlərin Azərbaycan dilinə tərcümə edilərək Ombudsmanın rəsmi internet səhifəsində yerləşdirilməklə geniş ictimaiyyətin diqqətinə çatdrıldığı bildirilib.

Aparatın əməkdaşı bildirib ki, Ombudsmanın təşəbbüsü ilə “Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində 2020-2024-cü illər üzrə Milli Fəaliyyət Proqramı” hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Həmin layihədə biznes və insan hüquqları üzrə ayrıca dövlət proqramının hazırlanması, sahibkarların insan hüquqları üzrə öhdəliklər barədə məlumatlandırılması, onların lazımi informasiya ilə təmin edilməsi, treninqlər və digər vasitələrlə dəstəklənməsi, müəssisələrin fəaliyyətləri çərçivəsində insan hüquqlarına riayət olunması metodlarına dair effektiv təlimatlandırılması və digər bu kimi vəzifələri müəyyən edən mühüm bəndlər öz əksini tapdığı qeyd edilib.