Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Avropa Şurasının İnsan hüquqları üzrə komissarını qəbul edib

24-10-2023 212 dəfə oxunub
Ombudsman Avropa Şurasının İnsan hüquqları üzrə komissarını qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunja Mijatovici qəbul edib.

Görüş zamanı Ombudsman qonağın ünvanladığı sualları cavablandıraraq ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi üzrə həyata keçirilən islahatlardan, o cümlədən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən bəhs edib, Müvəkkil insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər, müharibə və postmüharibə dövründə həyata keçirilən fəaliyyət barədə geniş məlumat verib.

Ombudsman Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətindən danışıb, Birinci Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlının itkin düşdüyünü, onların taleyi barədə Ermənistan tərəfindən hələ də məlumat verilmədiyini qeyd edib. S.Əliyeva itkin düşmüş vətəndaşlarımızın ailə üzvlərinin istək və təblərini Avropa Şurasının İnsan hüquqları üzrə komissarının diqqətinə çatdıraraq səlahiyyətləri çərçivəsində köməklik göstərilməsini xahiş edib.

Müvəkkil işğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın törətdiyi mina terrorundan bəhs edib, dəfələrlə müraciət edilməsinə baxmayaraq, dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilmədiyini, basdırılmış minaların insanların həyatına təhlükə yaratdığını, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına maneə törətdiyini qeyd edib. Ombudsman Vətən müharibəsindən indiyədək 330-dan çox şəxsin mina qurbanına çevrildiyini qonağın diqqətinə çatdırıb.

Müvəkkil otuz illik işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda tarixi, dini abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdıldığını qeyd edib.

S.Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə başçəkmələrin həyata keçirildiyini, heç bir ayrı-seçkiliyə yol verilmədən şəxslərin qəbul olunduğunu söyləyib.

Ombudsman Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının təmini və müdafiəsinin daim diqqət mərkəzində olduğunu, Müvəkkilə müraciət etmək yolları ilə bağlı açıqlama verildiyini qeyd edib, Vətən müharibəsindən əvvəl də erməni əsilli vətəndaşların müraciətlərinə baxıldığını və müvafiq tədbirlərin görüldüyünü qonağın diqqətinə çatdırıb.

Görüşdə, həmçinin təsisatlar arasında gələcək qarşılıqlı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb.