Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Əlilliyi olan şəxslərlə bağlı kitabın təqdimatında Ombudsmanın nümayəndəsi iştirak edib

30-01-2019 413 dəfə oxunub
Əlilliyi olan şəxslərlə bağlı kitabın təqdimatında   Ombudsmanın nümayəndəsi iştirak edib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Saglamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində həmin nazirlik tərəfindən nəşr edilmiş “Əlillik qüsur deyil” adlı kitab-albomun təqdimat mərasimi keçirilib.

Nazirliyin məsul əməkdaşlarının, Əlil Təşkilatları İttifaqı sədrinin, habelə sosial xidmət müəssisələrinin kitabda adı keçən yaradıcı sakinlərinin qatıldığı həmin tədbirdə iştirak edən Ombudsmanın Əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın salamlarını, təbriklərini və xoş arzularını iştirakçılara çatdırıb. 

Ombudsmanın nümayəndəsi çıxış edərək, Azərbaycan və ingilis dillərində hazırlanaraq nəfis tərtibatla nəşr edilmiş bu kitab-albomun öz yaradıcı fəaliyyətləri ilə uğurlar qazanmış əlilliyi olan istedadlı insanların istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda təbliğ edilməsi baxımından faydalı olduğunu bildirib. O, cinsindən və yaşından asılı olmayaraq əhalinin bütün qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təbliği sahəsində səmərəli fəaliyyət göstərən Ombudsman təsisatı tərəfindən bu kitabın böyük maraqla qarşılandığını diqqətə çatdırıb. 

Qeyd olunub ki, əlilliyi olan şəxslər barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına xidmət edən bu kimi kitabların, broşürlərin, bukletlərin, plakatların, digər çap vəsaitlərinin, müvafiq sosial çarxların hazırlanması və yayılması, habelə bu qəbildən olan şəxslərin, onlara tibbi və sosial xidmət göstərən müəssisələrin əməkdaşlarının hüquqi maarifləndirməsi sahəsində birgə əməkdaşlıq əlaqələrinin gələcəkdə də uğurla davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir, kitabın internetdə yerləşdirilməsi tövsiyə olunmuşdur. 

Tədbir iştirakçıları əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının genişləndirilməsinə və təbliğinə göstərilən dəstəyə görə təşəkkür etdiklərini, onların bu kitab-albomda yaradıcılıqlarını görməkdən böyük mənəvi güc aldıqlarını bildiriblər.