Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Müvəkkilin nümayəndəsi gender bərabərliyi və qadın hüquqlarının təşviqinə həsr edilmiş tədbirdə çıxış edib

24-01-2019 441 dəfə oxunub
Müvəkkilin nümayəndəsi gender bərabərliyi və qadın hüquqlarının təşviqinə həsr edilmiş tədbirdə çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətində gender bərabərliyinin təmin olunması məsələsinə də mühüm diqqət yetirilir, əhalinin digər qruplarının hüquqları ilə yanaşı, qadın hüquqlarının daha etibarlı müdafiəsi və təbliği, o cümlədən onların ölkənin ictimai-siyasi həyatında iştirakının dəstəklənməsi, qadın və kişilər arasında bərabər imkanlara nail olunması istiqamətində davamlı, əhatəli və sistemli tədbirlər davam etdirilir.      

Bu günlərdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 295 saylı tam orta məktəbdə gender bərabərliyinin təşviqinə yönəlmiş tədbirdə Ombudsman Aparatının sektor müdiri Turan Cahangirova çıxış edərək, insan hüquqlarının tərkib hissəsi olan qadın və uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.

Bununla yanaşı o, uşaq və qadınlara qarşı zorakılığın səbəbləri, növləri, qarşısının alınması yolları və mənfi təsirləri, habelə onların hüquqlarının təmini və müdafiəsi, o cümlədən məişət zorakılığı, erkən nikah və təhsildən yayınma kimi halların qarşısının alınması sahəsində maarifləndirmə ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyətini diqqətə çatdırıb.

Tədbirdə rayon üzrə tam orta məktəblərin direktorları, müəllimləri, şagirdləri və valideynlərlə yanaşı Sabunçu Rayon İcra Hakimiyyəti, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak ediblər.

T.Cahangirova tədbir çərçivəsində Müvəkkilin uşaq və qadınların hüquqlarının səmərəli təmini sahəsində irəli sürdüyü təklifləri səsləndirib. Belə ki, uşaqların sağlam mühitdə tərbiyə olunması üçün zəruri şəraitin yaradılması; valideynlər arasında rast gəlinən bəzi münaqişəli vəziyyətlərdə uşaqların manipulyasiyaya, əzablara məruz qalmaması istiqamətində preventiv tədbirlərin görülməsi; uşaq və gənclərdə mənəvi dəyərlərin, vətənpərvərlik hissinin aşılanması; regionlarda uşaq və qadınların fəallığının, təşəbbüskarlığının artırılması, liderlik bacarıqlarının inkişafı; uşaqların maraq dairəsini genişləndirən şəbəkələrin yaradılması; bütün ölkə boyu hüquqi maarifləndirmə işinin gücləndirilməsi, təbliğat vəsaitlərinin hazırlanması və digər təkliflər bu qəbildəndir.