Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən “Uşaq hüquqları: bərabər imkanlar” mövzusunda tədbir keçirilib

24-01-2019 405 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən “Uşaq hüquqları: bərabər imkanlar” mövzusunda tədbir keçirilib

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Göygöl Rayon İcra Hakimiyyəti ilə birgə həmin rayonun Qızılca kəndindəki Raqif Rzayev adına kənd orta məktəbində məktəb müəllimlərinin və şagirdlərin iştirakı ilə “Uşaq hüquqları: bərabər imkanlar” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vüqar Hüseynov Ümummilli lider Heydər Əliyevin hər zaman uşaqları diqqətdə saxladığını, onların hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atdığını diqqətə çatdıraraq, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uşaqların sağlamlığına, təhsilinə, hərtərəfli inkişafına yönəlmiş tədbirlər həyata keçirildiyini, bu sahədə uğurlu islahatlar aparıldığını, habelə birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da həyata keçirdiyi sosial layihələrin, gördüyü dəyərli işlərin uşaqların inkişafına xidmət etdiyini vurğulayıb.

O, Göygöl rayonu ərazisində, müxtəlif kəndlərdə bu cür vacib mövzuda mütəmadi olaraq hüquqi maarifləndirici tədbirləri təşkil etdiyinə görə Ombudsmana təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov gələcəyimiz olan uşaqların təlim-tərbiyələrinin, təhsillərinin və sağlam mühitdə formalaşmalarının vacibliyini qeyd edərək, 1989-ci il tarixdə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq Hüquqları Konvensiyası”, həmçinin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, uşaq zorakılığına qarşı mübarizədə uşaq hüquqlarının təbliğinin əhəmiyyətini, bu sahədə Ombudsman təsisatı tərəfindən həyata keçirilmiş çoxşaxəli fəaliyyəti önə çəkib.

Diqqətə çatdırılıb ki, dövlətimizdə ali məqsədlərdən olan uşaq hüquqlarının təmini, müdafiəsi və təşviqi sahəsində Müvəkkil tərəfindən də innovativ təşəbbüslər əsasında müntəzəm silsilə tədbirlər keçirilir. Ombudsmanın Aparatında və regional mərkəzlərində uşaq hüquqları üzrə müşavirləri, 916 qaynar xətt xidməti, Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi və bu təşkilatın nəzdində Liderlik Məktəbi səmərəli fəaliyyət göstərir.

S.Abbasov həmçinin uşaq hüquqları üzrə pilləli tədris layihəsi barədə ətraflı məlumat verərək Ombudsman təsisatının uşaq hüquqları sahəsində nəşr etdirdiyi dərsliyi və digər nəşrləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, həmin əyani vəsaitlərdən istifadə edərək məktəbdə uşaq hüquqları üzrə dərslərin, tədbirlərin keçirilməsini tövsiyə edib.

Həmçinin Göygöl Rayon Təhsil Şöbəsinin əməkdaşı Seymur Əsgərov çıxış edərək uşaq hüquqlarının təbliğinin əhəmiyyətini bildirib.

Tədbirdə uşaqların tərbiyəsi və təhsili sahəsində işin nümunəvi təşkili üçün bir sıra aktual məsələlər iştirakçılar arasında müzakirə edilib, uşaqların zərərli vərdişlərdən, o cümlədən zərərli informasiyalardan qorunmasının əhəmiyyəti xüsusi vurğulanıb, təhsil prosesinin səmərəli təşkil edilməsi üçün bir sıra təkliflər irəli sürülüb.