Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Dövlət Müstəqillik Gününə həsr edilmiş silsilə tədbirlər keçirilib

18-10-2019 215 dəfə oxunub
Dövlət Müstəqillik Gününə həsr edilmiş silsilə tədbirlər keçirilib

Tariximizin ən şanlı səhifələrindən biri olan dövlət müstəqilliyinin yenidən bərpasından ötən 28 il müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, hüquqi, sosial-iqtisadi və mədəni inkişafı tarixində mürəkkəb və şərəfli mərhələ olub. 

18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Ombudsman Elmira Süleymanovanın tapşırığı ilə Aparatın və Regional Mərkəzlərin əməkdaşları tərəfindən Bakıda və regionlarda əhalinin müxtəlif qruplarının iştirakı ilə təhsil və mədəniyyət müəssisələrində, Müvəkkilin resurs mərkəzlərində silsilə tədbirlər təşkil olunub. 

Ombudsman Aparatında keçirilən tədbirdə E.Süleymanova iştirakçıları təbrik edib, müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş Azərbaycan Xalq Cumhuriyyəti dövründən, 1991-ci il 18 oktyabr tarixində yenidən müstəqilliyini bərpa edən demokratik və hüquqi dövlət olan Azərbaycan Respublikasının indiyədək keçdiyi inkişaf yolu və tarixi haqqında danışıb.

O, həmçinin müstəqilliyin ilk illərində dövlətimizə qarşı Ermənistanın hərbi təcavüzü, millətimizə qarşı yürüdülən etnik təmizləmə siyasəti və Dağlıq Qarabağ problemi ilə üz-üzə qalması, Ümummilli liderimizin Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması və apardığı müdrik siyasət nəticəsində müstəqilliyimizin itirilməsi təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyulması, dövlətlə xalqın birliyinin təmin edilməsi, ictimai-siyasi sabitliyin bərqərar olması, atəşkəsin elan olunması ilə hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanmasının bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün istiqamətlərdə, o cümlədən insan hüquqları sahəsində dinamik inkişaf mərhələsi açdı. 

Belə ki, 1994-cü ilin ortalarında müstəqil dövlətin yeni Konstitusiya layihəsinin hazırlanmasının təşəbbüskarı məhz ümummilli liderimiz oldu. Onun sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması üçün komissiyanın yaradılması, beynəlxalq hüquq normalarının və insan hüquqlarının ümumtanınmış prinsipləri əsasında, demokratik tərzdə və xalqın rəyi nəzərə alınaraq geniş müzakirə edilməsi, 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq səsverməsi yolu ilə ölkənin əsas qanununun qəbul olunması Azərbaycan Respublikasında hüquqi dövlət ideyasının formalaşmasında mühüm təkan oldu. 

E.Süleymanova qeyd edib ki, Ulu öndərin ölkəmizin demokratik inkişafı ilə bağlı strategiyaları, qərarları bu gün də aktuallığını və dəyərini itirmir və inkişafın əsas istiqamətlərini, strateji hədəfləri müəyyən edir. Onun müstəqil respublikamıza başçılıq etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri də insan hüquq və azadlıqlarının müdafiəsi olub. İnsan hüquqları sahəsində ilk Dövlət Proqramının qəbul olunması, inkişaf etmiş dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında aparılan demokratik hüquqi islahatlar prosesində Ombudsman institutunun, ölkənin hüquq sistemində insan hüquqlarının müdafiəsi və bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin möhkəmləndirilməsi sahəsində mühüm bir təsisatın yaradılması dövlət müstəqilliyinin daha bir nailiyyəti olduğu bildirilib.

Müvəkkil bu müstəqillik duyğusunun xalqımızın şüurunda milli oyanışın nəticəsi olduğunu, 28 illik müddət ərzində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atdığını, həyata keçirilən uğurlu islahatların ölkə başçısı cənab İlham Əliyev tərəfindən də layiqincə davam etdirildiyini bildirib. O, vaxtı ilə Ulu öndərin hələ ağır zamanlarda özünə xas olan uzaqgörənliyi ilə dediyi “Azərbaycan dünyaya Günəş kimi doğacaq” fikrinin bu gün gerçəkləşməsinin şahidi olduğumuzu qeyd edib.

Bütün bu uğurlar dünya birliyinin gözü qarşısında 30 ilə yaxın davam edən erməni təcavüzü nəticəsində torpaqlarının beşdən bir hissəsi zəbt olunmuş, bir milyondan çox qaçqın və məcburi köçkünü olan bir ölkədə baş verdiyi bildirilib. Müvəkkil Ulu öndərin ölkə daxilində çoxşaxəli fəaliyyəti ilə yanaşı, dövlətimizin maraqlarını bir çox xarici ölkələrdə, beynəlxalq tribunalarda, BMT-nin Baş Assambleyasında və Qlobal Konfranslarında Azərbaycan həqiqətlərini dünyaya çatdırdığını və bunun Azərbaycanı dəstəkləyən sülh təşəbbüskeşlərinin sayının artması ilə nəticələndiyini qeyd edib.

Ölkə Prezidentinin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında və paytaxtımızda təşkil olunan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli çıxışları və bəyanatları bizim hamımızın bu münaqişənin tezliklə və ədalətli sülhə həll olunmasına inamımızı daha da gücləndirdi. Qeyd edilib ki, bu gün Azərbaycan Prezidenti bir çox dünya ölkələrinin rəhbərləri tərəfindən böyük hörmətlə qarşılanır və əməkdaşlığa hazır olduqlarını bildirirlər.

Bu gün dövlətimizdə insan hüquqları amili hərtərəfli nəzərə alınmaqla, əhalinin müxtəlif qruplarının bütün hüquq və azadlıqlarının tam təmin olunması ilə davamlı iqtisadi artım və yüksək sosial rifah, layiqli həyat səviyyəsinin yüksəldilməsi, səmərəli dövlət idarəetməsi və qanunun aliliyinin inkişafının davamlılığına nail olunmaqdadır.

Müvəkkil insan hüquqları sahəsində fəaliyyətin uğurla davam etdirilməsi üçün qarşıda duran vəzifələr haqqında söz açıb və Regional Mərkəzləri tərəfindən Müstəqillik Günü ilə bağlı silsilə tədbirlərin keçirildiyini qeyd edib.

Belə ki, Ombudsmanın Gəncə, Şəki, Cəlilabad və Quba Regional Mərkəzlərinin əməkdaşları Müstəqillik Günü ilə bağlı yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi tədbirlərdə, o cümlədən Qubada keçirilən rayon yürüşündə iştirak edib, həmçinin, Mərkəzin nümayəndələri tərəfindən əhatə etdiyi şəhər və rayonlarda silsilə tədbirlər keçirilib və geniş maarifləndirmə işi aparılıb. 

Yerli sakinlərin və şagirdlərin, çoxsaylı fəal gənclərin, geniş ictimaiyyətin iştirakı ilə keçirilən tədbirlərdə müstəqilliyin bərpa olunmasında Azərbaycan xalqının xidmətləri haqqında danışılıb. Xalq Cümhuriyyətinin siyasi varisi olan müstəqil Azərbaycan Respublikasının inkişafı, uğurları və ötən dövrün nailiyyətləri diqqətə çatdırılıb. 

Eyni zamanda Müvəkkil bu əlamətdar gün münasibətilə dövlət qurumlarına, elm və ali təhsil ocaqlarına, ictimai birliklərə, QHT-lərə, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına təbriklər göndərib və onlarla xoş arzularını bölüşüb.